Amerikanın Baker Hughes şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin (BANM) rektoru və rəhbər heyəti ilə görüşüb. Görüş zamanı qonağı şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Ekaterina Mişşina və Azərbaycan nümayəndəliyinin bir sıra rəhbər əməkdaşı müşayiət edib.
BANM ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail ola bilib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq liderdir. BANM-in əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor ali məktəbin tələbələri üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulayıb.
Şirkətin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik onun neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini və ümumilikdə 58.000-dən çox işçiyə sahib olduğunu bildirib. Eyni zamanda, Baker Hughes şirkətinin 11 texnoloji mərkəzə malik olduğunu və elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulayıb.
İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən cənab Vudvik Baker Hughes şirkətində tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini bildirib və BANM tələbələrinin də bu proqramdan bəhrələnmələri arzusunda olduğunu ifadə edib.
Qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bunun üçün müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəlib.
Daha sonra şirkətin nümayəndələri tələbələr qarşısında prezentasiya ilə çıxış etmiş və interaktiv müzakirələr aparıb.
Sevil