31 Mart 2020 12:49
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimi tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik:

“Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrubəsi var. Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa, həmin ölkələr koronavirusa minimum itkiylə qalib gələ bildilər. Bunu əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcridetmədir. Maksimim passiv evdəqalmadır. Bu gün passiv evdəqalama koronovirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir”.

Hikmət Babaoğlu qeyd edib ki, bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü “postkorona” dövrü adlandıracağıq:

“Gəlin elə tədbirlər alaq ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. “Evdə qal Azərbaycan”, “Vətəndaş, evdə qal” bu günün ən aktual çağırışıdır. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək”.


Müəllif: Səxavət Həmid