Polşadan Azərbaycana təxliyə olunmaq istəyən vətəndaşlarımız üçün reys həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Polşadakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib.
Məlumatda bildirilir ki, uçuşu Azərbaycan Hava Yolları həyata keçirəcək. AZAL-dan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış İşçi Qrupa verilmiş məlumata görə, Polşadan Azərbaycana həyata keçirilməsi nəzərdə tutulan mümkün təxliyənin bir sərnişin üçün qiyməti 324 avro təşkil edəcək.
Qayıtmaq istəyənlər səfirliyə pasportun surətini, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətini, Polşada yaşamağı təsdiq edən sənədin surətini, telefon nömrəsini, statusları, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s.), Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surətini təqdim etməlidirlər.
Xatırladırıq ki, Azərbaycana təxliyə olunacaq şəxslər 15 gün müddətində karantin rejimində saxlanılacaq.