Teleqraf.com-un suallarını tarixçi-alim, millət vəkili Musa Qasımlı cavablandırıb.
Onunla qısa müsahibəni təqdim edirik.
- Musa müəllim, tarixi mənbələrdə ermənilər haqqında müxtəlif məlumatlar qeyd olunur. Bu millətin kökü haqda son tədqiqatlar nə göstərir?
- Ermənilərə Cənubi Qafqazda aborigen deyillər, gəlmədilər. Erməni ünsürü Çar Rusiyasının apardığı işğalçı müharibələr nəticəsində azərbaycanlılara məxsus torpaqlara yerləşdirilib. Onlar Cənubi Qafqaza Osmanlı və İran ərazilərindən köçürülsələr də, həmin ərazilərə də gəlmədirlər, vətənləri olmayıb.
Hətta rus ictimai xadimləri erməni ünsürünü "qaraçılar kimi vətəni olmayan" adlandırıblar. Çarizm erməniləri Yelizavetpol quberniyasına və onun dağlıq ərazilərinə, yəni indiki işğal olunmuş torpaqlarımıza, İrəvan quberniyasının müxtəlif qəzalarına, o cümlədən İrəvan quberniyasına yerləşdirib.
Ermənilərin Cənubi Qafqaza növbəti köçü 19-cu əsrin sonlarında olub. Osmanlı əleyhinə qiyam qaldırdıqdan sonra törətdikləri cinayətlərə cavab verməkdən qorxduqları üçün qaçıb Cənubi Qafqaza sığınıblar. Burada silah-sursat anbarı yaradıblar, Cənubi Qafqaza da terroru onlar gətiriblər.
Ermənilərin bu ərazilərə daha bir köçü Birinci Dünya müharibəsi illərində baş verib. Bu illərdə təqribən 250-260 min erməni Cənubi Qafqaza gəlib.
Sovet dövründə ermənilərin regionumuza gətirilməsindən ötrü hökumətin xüsusi qərarları qəbul edilib. Belə qərarlar 1923-cü, 1945-ci və sonrakı illərdə verilib.
Ermənilər üçün 1918-ci ildə Azərbaycan torpaqlarında dövlət qurulub. Sonrakı bütün illər ərzində Ermənistan azərbaycanlıları öz dədə-baba yurdundan vəhşicəsinə qovulublar. Nəticədə Ermənistan türksüz respublikaya çevrilib.
- Musa müəllim, son hadisələrə nəzər salaq. Düşmən nə üçün Qarabağdan yox, məhz Tovuz istiqamətindən təxribata keçdi?
- Dövlət sərhədimizin Tovuz istiqamətində keçən hissəsində təxribat törədilməsi qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Bizim başlıca məqsədimiz işğal olunmuş ərazilərimizi azad etməkdir.
Ermənistanın sərhəddə təxribat törətməkdə məqsədi ilk olaraq Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışmasıdır. İkincisi, həmin ərazilərdən bizim beynəlxalq layihələrimiz olan Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tiflis-Ərzurum-Qars, Bakı-Tiflis-Qars və Böyük İpək yolu keçir. Ermənistan yüksəklikləri ələ keçirib istəyinə nail olmaq məqsədi güdürdü.
Üçüncüsü Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamam fərqli istiqamətə yönəltmək istəyirdi, bunların heç biri alınmadı.
- Erməni professoru Emil Sanamyan həyasızcasına iddia edib ki, Qəbələnin Vəndam kəndi erməni kəndidir, 18-ci əsrdə zorla islamlaşdırılıb...
- Bu fikir cəfəngiyatdan başqa bir şey deyil. Mənasız uydurmadır. Ermənilər tarix boyu belə əsassız iddialar irəli sürüblər.