31 İyul 2020 01:02
63 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ədəbiyyat çox kaprizli bir fəaliyyət sahəsidir. O, öz üzərində heç bir ideologiyanı qəbul eləmir. Bizdə bu məsələləri çox zaman qarışdırırlar. Sənətin vətənpərvərlik missiyası yoxdur. Bu da sovetin uydurmasıdır. Yazıçıdan müsəlləh əsgər olmur”.

Yazıçı Şərif Ağayar belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan və Azərbaycan arasında cərəyan edən son hadisələrə münasibətdə hərənin bir yanaşması var: biri deyir, təxribatdır, biri deyir, Rusiyanın oyunudur, biri də deyir, savaşa başlamaq üçün nəbz yoxlanılır. Siz nə düşünürsünüz?

- Mənim əmin olduğum və ağrısını çəkdiyim bircə fakt var. O da Azərbaycanın dövlət sərhədlərinə edilən qəsddir. Otuz ilə yaxındır ki, işğala və zorakılığa məruz qalırıq və BMT də daxil olmaqla dünyanın ən nüfuzlu təşkilatları konkret bir iş görə bilmir. İyirmi faiz torpağını işğal edən ölkə dövlət sərhədini də təhdid edəcək, təxribat da aparacaq, imkan düşdükcə qanına da susayacaq. Tovuzda baş verən hadisələr də ölkəmizə edilən qəsdin tərkib hissəsidir.

- Baş verənlərə cəmiyyətin münasibətini necə qiymətləndirirsiniz?

- Cəmiyyətdə bir inamsızlıq var. Heç kim heç kimə inanmır.

- Xalqımızı döyüşkən hesab etmək olarmı? Çünki savaş istəyənlərin sayı da kifayət qədərdir.

- Məncə, Azərbaycan xalqı savaş sevən xalq deyil. Biz savaş yox, öz torpaqlarımızı istəyirik. Nə yazıq ki, buna on illərdir sülh yolu ilə nail ola bilmirik. Demək, müharibə alın yazımızdır. İstəsək də qaça bilməyəcəyik.

- Bəs erməniləri necə xarakterizə edərdiniz – necə bir millətdir? Qarabağda doğulmusunuz, həyatınızın bir hissəsi orada keçib, yəqin ki, erməniləri yaxından tanımış olarsınız.

- Mənim düşüncəmə görə, xalqlar bir-biri ilə heç vaxt düşmən olmur. Bu gün Mirzə Cəlilin “Kamança”sı, Cəfər Cabbarlının “1905-ci ildə” əsərləri aktuallığını itirmir. Müharibəni siyasilər başlayır və xalqlar bundan əziyyət çəkir. Lakin mənim bildiyim qədər, bizim siyasilər də müharibə istəməyiblər. Əgər istəsəydilər, biz kiminsə ərazisinə soxulmuş olardıq. Ermənilərdə elə bir xüsusi özəllik yoxdur. Nə buynuzları var, nə irtməkləri. Hamı kimi insandırlar. Sadəcə, uşaqlıqdan onların beyninə türk düşmənçiliyi yeridilir. Onlar başa düşmürlər ki, bununla öz uşaqlarına travma yaşadır, onları qisasçılıq hissi ilə böyüdürlər. Bu kin, nifrət ilk növbədə insanın özünə ziyan vurur.

Biz hansı əsrdə yaşayırıq? Çin bir “Microsoft” proqramının müəllif hüquqlarını almaqla ən böyük dövlətlərin müharibədən əldə etdiyindən qat-qat artıq qazanc əldə etdi. NASA Yer kürəsindəki insanların başqa planetlərə köçmə imkanlarını müzakirə edir. Onlarsa feodalizmə xas absurd ərazi iddiaları ilə Qafqazı qanla çalxayırlar. Bu gün sivil dünya var, dünyanın inkişaf etmiş ölkələri, nüfuzlu beynəlxalq təşkilatları, ağıllı fikir adamları var. Ona görə hər şey ölçülüb-biçilib, beynəlxalq hüquq və birgəyaşayış qaydaları müəyyən olunub. Hər xalq yaşadığı yerdə bayraq qaldırıb müstəqillik elan eləsə, dünyanı idarə eləmək mümkün olmaz. Özü də balaca bir coğrafiyada minimum əhali sayı ilə ikinci dövlət tələb eləmək... Gülməlidir!

İnanıram ki, Ermənistanda mən deyənləri anlayan ağıllı adamlar var. Görünür, onlar funksional deyillər. Bilirsiniz, bəzən cəmiyyəti kütləvi psixoz idarə edir. Bu gün Ermənistanda vəziyyət belədir. Ağıllı bir adam durub izah edə bilmir ki, biz başqa dövlətin ərazisini işğal edib, beş-on minlik əhali ilə ikinci erməni dövləti qurmaq istəyirik. Üstəlik, iddia etdiyimiz torpaqlardan əlavə nə qədər ərazi işğal etmişik. Bütün bunlarla yanaşı, hələ bir dünyaya car çəkib əzildiklərini bəyan edirlər. Nə deyəsən? Sözün bitdiyi yerdir.

- Belədirsə, çıxış yolunu nədə görürsünüz?

- Bir qələm adamı əsla və əsla müharibə istəməz. Mən də o cümlədən. Lakin mənim arzulamadığım o müharibə Azərbaycan tərəfindən ədalətli, Ermənistan tərəfindən ədalətsiz müharibədir. Bu şəraitdə sülh bizim üçün biabırçı sülhdür. Bu ifadələri mən kəşf eləməmişəm, tarixin hadisələrə keyfiyyətinə görə verdiyi adlardır. Nə qədər sülh tərəfdarı olsam da, vətənimə biabırçı sülh arzulamıram. Eyni zamanda, ədalətsiz müharibə də arzulamıram. Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına qədər müharibə eləməyə haqqımız var. Kiminsə istəyib-istəməməsindən asılı olmayaraq...

- Sizcə, törətdikləri bu qədər cinayət, qətliam və soyqırımlardan sonra Qarabağda ermənilərlə birgə yaşamaq mümkündürmü?

- Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Ərazi bütövlüyümüz təmin olunandan sonra bizim konstitusiyaya tabe olub, bayrağımızı qəbul etsələr, ölkəmizdə qalıb yaşamaq hüquqları var. Təbii, Qarabağda baş verənlərdən sonra bu gerçəyi qəbul eləmək bizim üçün xeyli çətin olacaq. Lakin unutmayaq ki, biz işğalçı deyilik və heç kimə qarşı soyqırım siyasəti aparmırıq. Məncə, torpaqlarımız geri qayıdandan sonra zaman hər şeyi yoluna qoyacaq. İşğal olunan ərazilərimizi azad etsək, yaralarımızın hovu alınacaq, təskinlik tapacağıq. Tarixdə axırı sülhlə bitməyən müharibə yoxdur. Əvvəl-axır sülh bağlanacaq. İnanaq ki, bu sülh bizim üçün ləyaqətli sülh olacaq. Ondan sonra Qarabağ erməniləri öz seçimlərini edərlər. Kim Azərbaycanı istəməz, gedib Ermənistanda yaşayar.

- Məlumdur ki, indi Dağlıq Qarabağ məsələsi lokal bir münaqişədən daha çox böyük geosiyasi önəm kəsb edən münaqişəyə çevrilib. Bəlli dövlətlərin hər birinin prosesə öz yanaşması var ki, bu da həll prosesini dalana dirəyir, yəni ümidlərimizi öldürür. Siz necə, nə vaxtsa bu münaqişənin həll olacağına inanırsınızmı?

- İstər Azərbaycanı inkişaf etmiş demokratik ölkəyə çevirmək, istərsə də torpaqları işğaldan azad etmək xalqın iradəsinə bağlıdır. Bu iradə olarsa, hər şeyə nail olacağıq. Xalq iradəsi xarici güclərə də, ərazi bütövlüyümüzü təhdid edən qüvvələrə də ən tutarlı cavabdır. Mən sevinirəm ki, 14 iyulda insanlarda bax həmin o iradənin balaca bir zərrəsini gördük. Haqq verilməz, alınar. Xalq istəsə alınacaq, istəməsə, hərə öz marginal maraqlarının dalınca düşsə, yox.

- Niyə belə məqamlarda bir çox insanın diqqəti yazarlara yönəlir, onlardan mövqelərini bildirmələri istənilir?

- Sovetdən qalma bir ənənədir. O vaxt şair və yazıçıları şişirdirdilər və kritik məqamlarda dövlət rəhbərləri onlardan istifadə edirdi. Liberal, demokratik cəmiyyətlərdə yazıçı və şairin ziyalılıq missiyası yoxdur. Yazıçının ən böyük vətənpərvərliyi yaxşı yazmaqdır. İctimai-siyasi hadisələrə qarışıb-qarışmamaq isə onun şəxsi seçimidir. Mənə qalsa, sənət adamının siyasi fəaliyyəti onu məhdudlaşdırır. Çünki tərəf seçməli olur və hadisələrə seçdiyi tərəfin maraqları çərçivəsindən baxır. Ədəbiyyatsa tərəfsizlikdə gözəldir. Hər kəslə bərabər məsafədə dayananda həqiqət daha aydın görünür.

- Ədəbiyyatımızda Qarabağ savaşının yeri haqda fikriniz nədir, bu mövzu necə işlənib?

- Ədəbiyyat çox kaprizli bir fəaliyyət sahəsidir. O, öz üzərində heç bir ideologiyanı qəbul eləmir. Bizdə bu məsələləri çox zaman qarışdırırlar. Sənətin vətənpərvərlik missiyası yoxdur. Bu da sovetin uydurmasıdır. Yazıçıdan müsəlləh əsgər olmur. Yazıçı vətəndaş kimi silahlanıb vətənini qoruya bilər, lakin klaviatura arxasına keçəndə qaydalar dəyişir. Sənətin kriteriyaları Ermənistanda da, Azərbaycanda da, Fransada da, Kəşmirdə də eynidir. Eynən şahmat kimi. Sadəcə, yazıçı öz əsəri ilə ölkəsinə dünya şöhrəti gətirə, dünya isə o ölkə ilə maraqlanıb hadisələri analiz edə bilər. Amma burda bir incəlik də var. Biz sənət kriteriyaları ilə yanaşıb Qarabağdan yazsaq, vəziyyət əsasən bizim xeyrimizə olacaq. Çünki, qeyd etdiyim kimi, biz ədalətli tərəfik. Bu isə yazıçıdan çox vəziyyətin üstünlüyüdür.

- Yaxşı, belə deyək, Qarabağ siz deyən o kriteriyalarla mövzu olaraq ədəbiyyata layiqincə gəlibmi?

- Məncə, gəlir. Yaxşı əsərlər yazılıb və indən belə də yazılacaq. Mən özüm də zamanın insanını imkanım daxilində ədəbiyyatda qalıcı etməyə çalışıram. Vaqif Səmədoğlunun bir sözü var, insana enmək məsələsi... Yazıçı insana enə biləndə, onu sözün gerçək mənasında hiss edib mətnə gətirəndə nəyəsə nail olur.

- Bəs ən yaxşı müharibə əsərləri yazan yazıçılarımızdan kimlərin adlarını çəkə bilərsiniz?

- Dünyada hər şey yaxşı sənət əsəri yaratmaq üçün bəhanədir. Eləcə də müharibə. O başqa məsələ ki, yaradıcı insanlar onlara daha güclü təsir edən hadisələrdən daha yaxşı sənət əsəri yarada bilirlər. Məncə, bizdə müharibənin özü yox, arxa cəbhəyə vurduğu yaralar haqqında ən yaxşı əsərlər İsa Hüseynovun povestləridir. Xüsusən, “Tütək səsi”. Bu xətt indi də davam edir.

Çox yaxşı şeirlər, hekayələr, romanlar yazılıb. Misal üçün, Elçin Hüseynbəylinin “Kəndə gün çıxanda qayıdacağıq” adlı bir hekayəsi var, çox sadə, aydın dillə, çox da rahat yazılmış bir mətndir. Mən onu ilk oxuyanda göz yaşlarımı saxlaya bilməmişdim. Düzdür, indi mütərəqqi dünya müharibəyə ironiya etmək məqamına yetişib. Biz bir çox sahələrdə olduğu kimi burda da öz əski problemlərimizlə geridə qalırıq. Gözümüzün qabağında şəhid cənazələri gəlirsə, Qarabağın uzaq üfüqlərindən işğal altındakı dağların silueti görünürsə, müharibə mövzusu bizim üçün tragediya olaraq qalacaqdır.


Müəllif: Mənsur Rəğbətoğlu