Ölkəmizdə onlayn tədris keyfiyyət baxımından daha da yaxşı ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib:
"Mart ayının 3-dən başlayaraq bu günə qədər təhsil sistemində elektronlaşma və rəqəmsallaşma davam edir. Bu müddət ərzində 1 milyondan çox şagird, 100 min müəllim elektron poçt əldə edib. Tədris onlayn keçirilsə də, 200 mindən artıq teledərslər çəkildi. Teledərslərin məzmun baxımından şagirdlərə faydalı olduğunu düşünürəm. Mart ayına qədər bu proses davam etsə, bütün fənlər üzrə bir illik məzmun hazır olacaqdır ".
Təhsil naziri qeyd edib ki, şagirdlərin hər birinin elektron resurslarla təmin olunması həll yolu hesab olunmamalıdır: "İlk dövrdə özəl şirkətlərlə qurduğumuz əməkdaşlıq sayəsində 40 min müəllim internet paketi ilə təmin edilib. Biz müəllimlərin hansı fəaliyyətlə məşğul olduğunu izləyə bilirik. Bölgələrdə risklər olmazsa, ənənəvi təhsilə keçid etmək olar".
Nazir əlavə edib ki, təhsil kursları sahibkarlıq subyektləri olduğu üçün fəaliyyətinin bərpası Operativ Qərargahın qərarlarından asılıdır.