“Media haqqında” qanun layihəsində sosial şəbəkələr və sosial media tənzimlənmir. Bunu birmənalı şəkildə açıqlayıblar. O baxımdan sosial şəbəkələr, bloqlar, sosial media komponentləri qanunun əhatə dairəsinə daxil deyil. Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov da bildirdi ki, sosial şəbəkələr və sosial media qanunda əhatə olunmur.
Bunu Teleqraf.com-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, “Media haqqında” yeni qanun layihəsində sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınması təqdirəlayiq haldır:
“Burada mülki müqavilə və yaxud xidmət müqaviləsi ilə çalışan, VÖEN-i olan jurnalistlərdən söhbət gedir. Bunların beynəlxalq aləmdə adı freelancerlərdir. Onların imkanları var ki, reyestrdə qeydiyyatdan keçsinlər və jurnalist vəsiqəsi alıb, rahat şəkildə öz fəaliyyətlərini davam etdirsinlər. Bu, yeni qanunun üstünlüklərindən və yeniliklərdən biridir.
İndiyədək Azərbaycanda freelancer jurnalistlərin hüquqları tanınmırdı və qanunla tənzimləmirdi. Amma yeni qanun layihəsi buna imkan verir. Kim ki özünü KİV qurumu hesab edir, onların reyestrə düşüb, fəaliyyətlərini sərbəst şəkildə davam etdirilmək imkanları var. Onlayn media qurumları və çap mediası üçün hər hansı baryer və prosedur yoxdur. Sadəcə onlar əvvəl olduğu kimi xəbərdarlıq etməklə öz fəaliyyətlərinə başlaya bilərlər.
Qanun layihəsinin üstünlüklərindən biri də onlayn media qeydiyyat götürülməsidir. İndiyədək onlayn media qurumlarının statusu qanunla tanımırdı, bu qanun isə imkan verir ki, onlar tanısınlar. Belə tanınma onların çoxsaylı problemləri aradan qaldırmış olur. Bilirsiniz ki, onlayn mühitdə, internet müstəvisində fəaliyyət göstərən resurslarda plagiatlıq yüksəkdir, hətta onların loqolarını da plagiat edirdilər. İndi onlayn media qurumları reyestrinin üstünlüyü ondan ibarətdir ki, onlar həm də özlərinin loqoları ilə qeydiyyata alınacaqlar. Bu da plagiat əməllərin qarşısını alacaq”.
Müşfiq Ələsgərli bildirib ki, yeni qanun layihəsini tənqid edənlərin bir çoxu ondan məlumatsız insanlardır: “Qanunda “platforma yayımçı”larının qeydiyyata götürülməsi dedikə, internet üzərindən yayım verən TV-lər nəzərdə tutulur. Əgər peyk yayımı və yaxud IP TV kimi və digər platformalarda yayım vermək istəyirlərsə, onlar da reysterdə qeydiyyatdan keçib, bu platformalarda təmsil oluna bilərlər. Bu onlar üçün də böyük üstünlük yaratmış olur.
Qanunu tənqid edən müxtəlif qruplar var. Onların bir qismi qanun layihəsini oxumayıblar və məlumatsızdırlar, onlar ümumiyyətlə, qanunun strukturunu bilmirlər. Bir qismi hansısa məqsədlərlə xüsusi kampaniya aparır. Bir qism insanlar da var ki, sadəcə qanunda müəyyən ifadələrin dəqiqləşdirilməsini istəyirlər. Müəyyən boşluqların olduğunu bildirirlər. Bu mərhələni normal qəbul etmək olar.
Onsuz da qanun layihəsi müəllifləri parlamentdə müzakirələri ona görə keçirir ki, boşluqlar görünürsə, təkliflər verilsin və əsaslandırılaraq həmin boşluqlar aradan qaldırılsın. Hesab edirəm ki, qanun layihəsi bəzi düzəlişlərin nəzərə alınması ilə normaldır və Azərbaycan mediasının fəaliyyəti üçün rahatlıq yaratmış olacaq”.