Ötən həftə Bakıda heykəli qoyulan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında Türkiyə mətbuatında da ara-sıra məlumatlar yer alıb. Onun haqqında Türkiyənin tanınmış ziyalılarından Mühitdin Birgen də (1885-1959) bir məqaləsində məlumat verib.
Birgen 1922-ci ildə Azərbaycan SSR Xalq Maarifi Komissarlığının dəvəti ilə Bakıya gəlib, Bakı Universitetində və Ali Pedaqoji İnstitutda dərs deyib, “Maarif və mədəniyyət” məcmuəsinin təsisində (1923) iştirak edib. Birgen vətəninə qayıtdıqdan sonra mətbuatda xatirələrini yazıb. Onun 1936-cı ildə “Son posta” qəzetində “İttihad və Tərəqqidə on sənə” adlı xatirələrində Azərbaycanla bağlı da geniş hissə var. Həmin hissəni professor Vilayət Quliyev dilimizə uyğunlaşdıraraq kitab şəklində çap edib.
Həmin xatirəsində Tağıyev haqqında Birgen belə yazıb: “Türkləri bu qədər sevən və hətta yoxsul zamanlarında onlara bu qədər hörmət göstərən azərilərin zəngin zamanlarında bizimkilərə izzət və ikramm dərəcəsini artıq özünüz təsəvvürünüzə gətirin! Məsələn, Hacı Zeynalabdin Tağıyevin filankəsə bu qədər, behmankəsə də bu qədər pul verməsi haqqında hekayətləri dönə-dönə dinlədim. Özüm şəxsən şahid olmadığım üçün adlarını çəkmək istəmədiyim bu türklərin arasında Tağıyevin göndərdiyi və alınmasında israr etdiyi böyük məbləğdə pulları məmnunluqla götürənlər kimi “heç bir şeyə ehtiyacım yoxdur” - deyib geri qaytaranlar da az olmamışdır”.
Amma “Son posta” qəzetinin 26 may 1937-ci il tarixli sayında Birgen “Rokfellerin ölümü münasibətilə” adlı məqaləsində Tağıyevə yer verib. Rokfellerin xeyriyyəçilik fəaliyyətindən bəhs edən Birgen məqaləsinin ikinci bölümündə Tağıyevin kasıb insanlara etdiyi köməyə toxunub. Həmin hissəni təqdim edirik:
“... Onun kimi (Rokfeller kimi – D.Ə) bir insan da türklər arasından çıxmışdır. Zeynalabdin Tağıyev. Bundan yüz il əvvəl kiçik bir sur arasında bir türk xanının sarayından ibarət olan Bakı şəhərinin ətrafındakı neft qaynaqları pul qazandırmağa başladığı zaman bugünkü bir neçə yüz min əhalisi olan böyük şəhərin sakinləri arasından çıxan bir insan bu neft qaynaqları sayəsində böyük bir sərvət sahibi olmuş, ondan sonra toxuculuq sənayesinə keçərək böyük fabriklər qurmuş, böyük sərvət qazanmışdı. Qazandığı pulun böyüklüyü qarşısında təmiz türk ruhunun sıxıntı çəkdiyini hiss etməkdə gecikməyən Hacı Zeynalabdin Tağıyev bir tərəfdən pul qazanmış, bir tərəfdən də bunu füqəra üçün sərf etməyi özünə qayda qoymuşdu. Onun kisəsinə yığılan qızılın bir çox səfalətin qarşısını aldığına dair hekayələr bütün Azərbaycan türkləri arasında dildən-dilə dolaşan dastanlar şəklindədir. Tağıyevin fabrikləri təkcə özünün ailəsinə sərvət qazanmaq üçün deyil, bəlkə, eyni zamanda minlərlə, hətta on minlərlə insanın dolanması üçün də çalışmışdır.
Sırf bu xeyirxahlığı sayəsindədir ki, Tağıyev bolşevik ixtilalı əsnasında həyatını xilas etməyə müvəffəq oldu. O dövrlərdə qorxunc və qanlı ölüm dalğası halında dalğa-dalğa zənginlərin, hətta zəngin olmaq istəyən fəqirlərin üstünə cuman qırmızı üsyan Tağıyevin qarşısına gəlincə dayanmış, qazandığı pul ilə fəqirlərə bu qədər köməyi dəyən bir adamı öldürməyə heç kimin əli qalxmamışdı. O üsyan ki təkcə zənginləri deyil, qudurmuş bir intiqam hirsi içində zəngin böyük ataların fəqir düşmüş nəvələrinə belə həyat haqqı tanımırdı!
Bolşeviklər Tağıyevin qarşısında qollarının bütün öldürmə qüvvətinin qırıldığını hiss etdilər və onun bütün sərvətini əlindən aldıqdan sonra özünü İdil (Volqa) sahilində gözəl bir villaya yerləşdirdilər. (Bu məlumat yanlışdır, Tağıyev ömrünün sonlarını Mərdəkandakı evində keçirib – D.Ə). Tağıyev orada sükunət içində və heç bir şeyə möhtac olmadan öldü və hər kəs, hətta bolşeviklər də onun adını hörmətlə andılar... Əgər çar Rusiyasında Tağıyev kimi insanlar çox olsaydı, Rusiya o müdhiş üsyan fəlakətini tanımaz, yüz minlərlə ocaq sönməz, milyonlarla insan illərlə səfalət çəkməzdi...”.