31 Mart 2022 09:05
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Təhsil Nazirliyi “Təhsil vloqeri” müsabiqəsi elan edib. Nazirliyin açıqlamasına görə, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır. Lakin müsabiqə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Layihəyə etiraz edənlərin sayı çoxluq təşkil edir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, təklif olunan müsabiqə fikri uğursuzdur. Ekspertin sözlərinə görə, layihə dərsin gedişatını pozacaq:

“Bu gün Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 151 min müəllim fəaliyyət göstərir. Bu müəllimlərin 40 faizinin yaşı əllidən yuxarıdır. O müəllimlər "Təhsil vloqu" tipli layihələrdə iştirak etməyəcəklər. 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanun, Orta məktəblərin nümunəvi nizamnaməsinin tələblərinə görə, orta məktəbin öhdəliyi var - təhsil vermək. Buna görə də şagirdin nəticələri buraxılış və qəbul imtahanlarında yoxlanılır və ölçülür.

Mən sizə əminliklə deyirəm ki, dərsdə video çəkilişlər zamanı yaxşı aktyoruluq olur... Bu gün təhsildən əsas gözləntilərimiz tədrisin təşkilinin keyfiyyətinin artırılmasıdır. Bəli, kurikulum standartlarına görə, müxtəlif dərs keçmək metodları var. Amma siz bu layihə ilə tədrisin gedişini pozub, dərsin bazara dönməsinə şərait yaratmış olacaqsınız. İstər-istəməz ciddiyət itəcək.

Mən yeniliyin tərəfdarıyam, amma belə məqamlarda kütləviliyi dəstəkləmirəm. Artıq hər kəs bəhsəbəhs yaxşı ssenari quracaq. Bu layihə düşünülməmiş, tədrisin keyfiyyətinə hər hansı töhvə verməyəcək, lazımsız və mənasız bir layihədir.

Tədris mühitində öyrənməyin metodları və üsulları var. "Təhsil vloqu" layihəsini təklif edənin ya təhsildən anlayışı yoxdur, ya tədrisin üsul və vasitələrindən xəbərsizdir, ya da insanları ələ salır”.

Məsələnin qanuni tərəfinə toxunan ekspertin fikrincə, layihə təşkil olunursa, şagirdlərə də məktəbdə sərbəst çəkiliş aparmaq icazəsi verilməlidir: “Heç kim valideynin rəsmi razılığı olmadan onun övladının görüntüsünü çəkə, paylaşa bilməz. Heç bir müəllimə bu icazə verilmir. Müəllim nə vloger, nə də blogerdir... Bu layihə təhsil sistemini saxtalaşdıracaq.

"Gəlin səhnəcik düzəldək, çəkək" layihəsi aktyroluqdan başqa bir şey deyil. Axı bizim real görüntülərimiz qəbul və buraxılış imtahanlarındadır. Gəlin onda uşaqların hər birinə icazə verək ki, telefondan sərbəst istifadə edə bilsinlər, məktəbdəki digər halları da çəksinlər.

Bu tipli tədris tək-tük hallarda ola bilər. Bunu layihələşdirmək olmaz. Göstərilən nümunə təqdirəlayiq olsa belə, qanunvericiliyin tələbləri pozulur. Azərbaycanda tədrisin təşkili qaydaları haqqında normativ hüquqi aktlar var. Burada 2008-ci ildə qəbul olunan kurikulum standartları yada düşür”.

Məktəbdəki neqativ halların yayılmasını nümunə çəkən Kamran Əsədov bu tipli layihələrin problemləri artıracağını bildirib: “Xatırlayırsınızsa, bir müddət əvvəl məktəblərdə baş verən neqativ hallarla bağlı videolar yayılırdı. Deyirlər ki, şagirdlər neqativ halları çəkməsin, amma aktyorluq səhnələrini müəllimlər səhnələşdirilib çəksinlər.

Bütün bədən xəstədirsə, siz hansısa nahiyəyə yara bandı yapışdırıb onun sağalmasını gözləməyin. Biz sizdən sağlamlaşdırma, keyfiyyət dəyişikliyi gözləyirik. Burada keyfiyyət artımı olmayacaq. Biz tədrisin keyfiyyətini artıracaq daha uğurlu layihələr həyata keçirməliyik.

Məsələn, sosial şəbəkədə 165 nömrəli məktəbin videoları paylaşılmışdı. Ən çox medallar qazanan, ən çox paylaşım edən həmin məktəbin direktoru idi. Amma ən çox paylaşım edənlər ən çox problemi olanlardılar.

Kiminsə bahalı telefonu varsa, video çəkib, əla müəllim olacaq? Təhsildə islahatı, deyəsən, bəziləri başa düşmək istəmir. Bir, iki, üç müəllimdə bənzər tədris metodu oldu, əla. Amma çoxaldıqca bunu bayağışlaşdırırıq. Dərsdə rep demək olar? Bu, müzakirə predmeti deyil. Müəllimin 2014-cü ildə qəbul edilmiş etik davranış qaydaları var. Əsas məsələlər kənarda qalıb, mənasız məsələlər üzərində təkliflər veririk.

İmkan verin müəllimlər dərs keçsinlər. Ötən dəfə də Təhsil Nazirliyi "Ulduz müəllim" adlı layihə başlatmışdı. Ayıbdır. Bura sizin üçün "O səs Türkiyə", "Yeddi gözəl" müsabiqəsi deyil”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər