Avropa ölkələrində, adətən, fərdlər 18 yaşına çatdıqdan sonra valideyn himayəsindən kənar, sərbəst həyata addım atırlar. Bunun üçün də ilk olaraq ayrı evə keçid etməkdən başlayırlar. Lakin Azərbaycanda sözügedən addımları atmaq olduqca müşkül məsələ hesab olunur. Çünki cinsiyyətindən asılı olmayaraq tək yaşamaq istəyən fərdə ev sahibi kirayə mənzil verməkdən imtina edir. Xüsusilə də ölkəmizdə subay kişilər bu problemlə daha çox qarşılaşırlar. Maklerlər müxtəlif səbəblər gətirərək bəylərə ev vermirlər. Bəs problem nədən qaynaqlanır? Həll yolu varmı?
Teleqraf.com mövzunu araşdırıb.
“Oğlanlar təmizkar deyil”
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzil sahibləri, adətən, tələbə oğlanlara ev verməkdən imtina edirlər. Onun sözlərinə görə, sahibkarlar kirayəşin seçərkən evin təmizliyi ilə yanaşı qonşuların fikirlərini də nəzərə alırlar: “Hər il ənənəvi olaraq sentyabr ayında tələbələr bölgələrdən şəhərə axın edir və mənzil bazarında ciddi ev qıtlığı müşahidə olunmağa başlayır. Xanımlara ev verən zaman evin təmizliyinə riayət ediləcəyini nəzərə alırlar. Amma oğlanlar əksər hallarda evə lazımı formada baxa bilmirlər. Bununla yanaşı, qonşular tərəfindən şikayətlər çox olur. Səs-küyə səbəb olurlar, evə qonaqlar dəvət edirlər”.
“Tələbə yataqxanaları bərpa olunmalıdır”
Ekspertin fikrincə, tələbə yataqxanalarının olmaması da kirayə mənzil bazarında problemlərin çoxalmasına səbəb olur: “Bir çox ali təhsil müəssisələrinin yataqxanaları yoxdur. Ölkədə çox az sayda tələbə yataqxanası var. Təbii ki, tələbə yataqxanaları bərpa olunarsa, nə oğlanlar, nə qızlar belə problemlərlə üzləşərlər. Evlərin kirayə qiymətləri olduqca bahadır. Normal halda bir otaqlı evdə 2 nəfər qalmalı idisə, qiymət artımına görə 4, hətta 6 nəfər o mənzili kirayələyir. Oğlanlar say çoxluğuna üstünlük verirlər ki, adam başına çox pul düşməsin. Bu problem illərdir yaşanır. Tələbə oğlanlara verilən evlər də ya köhnə olduğu üçün verilib, ya da qiyməti baha olub, ev sahibi başqasına verə bilməyib”.
“Nikah kağızı olmayanlara ev verilmir”
Elnur Fərzəliyev bildirib ki, əksər ev sahibləri daha çox ailələrə ev verməyə üstünlük verir: “Bilirlər ki, ailəyə ev verən zaman həm təmizlik, həm qonşular baxımından problem yaşamayacaqlar. Tək adam qalanda başqa problemlər də ortaya çıxır. Lap əvvəlki dövrlərdə həm tələbə yataqxanaları, həm də ümumi yataqxanalar var idi. Hansısa sahədə işləyən şəxslər həmin yataqxanalarda rahat şəkildə yaşaya bilirdilər. Bu problem həm də mentalitetdən qaynaqlanır. Avropa ölkələrində kirayəşinin cinsinə, ailə vəziyyətinə görə fərq qoyulmur. Ev tapmaq baxımından adətən tək yaşayacaq şəxslər problem yaşayırlar. Ailərə ev verilən zaman da nikah kağızı tələb olunur. Nikah kağızı olmayan, birdə yaşayanlara da ev verilmir”.
“Əvvəl bəhanə qaçqınlar idi”
Mövzuya münasibət bildirən Sosioloq Ramil Nəcəflinin fikrincə, tələbə oğlanların evsiz qalmasının problemi yataqxanaların sayının azlığıdır: “Universitetlərin tələbə yataqxanalarından qaçqınlar çıxarılsa da, yerinə yeni proyekt yoxdur. Kirayə ev problemi əvvəllər də belə olub. Amma qarşılığında tələbələrin yataqxanalarla təmin olunması üçün proqram təmin olunub. 30 il ərzində o yataqxanalarda qaçqınlar məskunlaşdılar. Amma artıq zamanla o yataqxanalar boşaldılır. Üstəlik, yeni yataqxanalar tikilməyib. Bu məsələ əhalinin vicdanının ümidinə qalmamamalıdır. Dövlət səviyyəsində tələbələr yataqxanalarla təmin olunmalıdırlar. Təhsil fondu yaradılıb, nə işə yarayır? Bir tələbə yataqxanası tiksinlər. Tələbə aylıq ödəniş edərək oradan istifadə etsin. Məsələn, qonşu Türkiyədə belə yataqxanalar var. Bu məsələ insanların ümidinə qalmamalıdır”.
“Özləri min hoqqadan çıxırlar....”
Ramil Nəcəfli bildirib ki, mənzil sahibkarları öz keyfiyyətlərini qarşı tərəfdə axtardıqları üçün bənzər bu problem artır: “Subay kişilər də ev tapa bilmirlər. İnsanlar özlərini saxtakar aparırlar. Binanın qabağında maneələr qoyurlar ki, guya maşın yavaşlasın, uşaq var. Ümumiyyətlə, özünə güvənməyən, başqalarına da güvənmir. Özləri min hoqqadan çıxırlar, o palçığın içindədirlər deyə düşünürlər ki, subay insanlar da belədir və onlara ev vermirlər. Bunun axırı necə olacaq?!”
“Kişi sığınacaqları yaradılsın”
Ekspertin fikrincə, dövlət nəzarəti ilə evsiz kişilər üçün sığınacaqlar yaradılmalıdır: “Dövlət proqramları olmalıdır. Dövlət QHT-ləri dəstəkləməlidir ki, bacarığı olan bu işlə məşğul olsun. Məsələn, Mehriban Zeynalova qadın sığınacağı yaradıb. Təklif edirəm ki, kişilər üçün də yaradılsın. Pis zamanında, köməksiz qaldıqda üz tutacağı bir dam olsun. Rayonlardan gəlib fəhlə işləyənlər var. Gəl ev yiyələrinə izah et ki, bu şəxs pis biri deyil. Ortada olan pis nümunələr hamının beynində qalıb və yeni gələn kirayəşindən də bunu gözləyirlər. Bu, heç kimə haqq qazandırmır. Bu, ev verməmək üçün çıxış yolu deyil. İnsanlar arasında bu şəkildə ayrıseçkilik etmək olmaz”.
“Başqasının həyatına burun soxmağı sevirik”
Sosioloq Leyla Nəzirzadə hesab edir ki, ilk olaraq cəmiyyətin mövzuya baxışı dəyişməlidir. İki oğul anası olan ekspert bildirir ki, övladı da bu məsələdə çətinliklərlə qarşılaşır: “Böyük oğlum 3-cü kurs tələbəsidir, dostları ilə ayrı yaşamağı seçib. Onlar da kirayə ev tapana qədər çox əziyyət çəkdilər. Gənclərin müstəqil olmaq, öz ayaqları üzərində durmaq istəyi qədər normal bir şey yoxdur. Burada cinsi ayrı-seçkilik etmək istəməzdim. Xanımlara da ev vermək istəməyənlərin sayı çoxdur. Mənn özüm də sosial şəbəkələrdə yazılanları izləyirəm. Bu, bir az bizim mental dəyərlərdən qaynaqlanır. Etiraf edək ki, insanların həyatına burun soxmağı həddindən artıq çox sevən cəmiyyətik. Qonşumuz, qohumunuz nə edir, hara gedir, necə yaşayır? Tanıdığımız-tanımadığımız hər bir insanın həyatına qarışmağa, yol göstərməyə alışmışıq. Amma bu streotipləri qırmağın vaxtı çatıb. Bir insanın kirayə mənzil tutarkən müstəqil yaşamaq şansı varsa, o adamın evdə nə ilə məşğul olduğu kimi niyə maraqlandırır? Bizə maraqlıdır ki, qonşuluqda qalan insan o mənzili alıb yoxsa kirayədə qalır? Axı bu, niyə bizim üçün maraqlı olmalıdır?”
“Kirayəçi hüquqları qorunmalıdır”
Ekspert bildirib ki, kirayə mənzillərin verilməsində birbaşa olaraq dövlət nəzarəti olmalıdır: “Əgər kirayə mənzillər verilərkən müqavilə bağlanarsa, hüquqi qaydada bu münasibətlər tənzimlənərsə, belə söhbətlərə yavaş-yavaş son qoyular. Kirayə mənzillərin verilməsi daha çox qara bazarda maklerlərə hörmət edilməsi ilə reallaşır, heç bir hüquqi əsası olmadığı üçün də bu problemlər yaranır. Məsələn, Türkiyədə kirayə mənzildə qalan insanların hüquqları yüksək səviyyədə qorunur və ev sahibi o adamı istədiyi vaxt evdən çıxara bilməz. Burada obyektiv və subyektiv səbəblər var. Bir yandan deyirik ki, müstəqil deyilik, bir yandan da hamının işinə qarışmağa çalışırıq”.