Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin təmirini başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri ilkin olaraq prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsində aparılıb. Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar tam olaraq aradan qaldırılıb. Ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu təqribən 710 metr, sahəsi isə 21 min kvadratmetrə yaxındır.
Aparılan təmir işləri bitəndən sonra yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılıb.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.
Ötən il “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.