12 Oktyabr 2022 17:03
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkə apteklərində yod qıtlığı yaşanır. Qıtlığın səbəbi Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirilir. Müharibədə nüvə silahlarından istifadə ehtimalı dünyanı böyük təhlükə ilə üz-üzə qoyur. İnsanlar özlərini yod çatışmazlığından qorumaq üçün çarəni apteklərdən yod almaqda görürlər.

Hətta bu ilin əvvəllərində Avropada xüsusən də Rumıniyada apteklərdə yod preparatı ehtiyatlarının tükənməsi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Rusiya gec-tez müharibədə nüvə silahına əl atacaq və bu səbəbdən avropalılar nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün apteklərdəki bütün yod məhlullarını, hətta əleyhqazlar da alıblar. Rumıniyanın səhiyyə naziri Alexandru Rafila mətbuata açıqlamasında yod həblərinin əhaliyə pulsuz paylanacağını bildirmişdi.

Azərbaycanın Səhiyyə Nazirliyi isə bu gün yaydığını açıqlamada apteklərdə müşahidə olunan yod qıtlığının aradan qaldırılması ilə bağlı mühüm addımlar atıldığını bildirib.

“Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu onu deməyə əsas verir ki, yod problemi aradan qalxır”, - qurumdan qeyd olunub.

Tibb professoru Adil Qeybulla Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycan dərman bazarında baş verən qıtlığın obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəblər baş verən proseslərə bağlıdır. Yəni Rusiya-Ukrayna savaşı və bundan qaynaqlanan çətinliklər, infrastrukturun dağıdılması - Azərbaycan həmin zavodlardan dərman idxal edirdi, - digər səbəb isə bu işin düzgün təşkil olunmamasıdır. Yəni belə situasiyalar yarandığı tədqirdə bizim resurslarımız başqa rezervlərdən təmin olunmalıdır. Bu olmadıqda biz qıtlıqla üzləşirik”.

Ekstremal durumlarda insanların şayiə və qeybət mədəniyyətinin dalınca süründüyünü deyən Adil Qeybulla bunun qarşısını almaq üçün maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb:

“Pandemiya təcrübəsində də analoji vəziyyətlə qarşılaşdıq. Onda da bəzi dərman preperatlarının kütləvi alışı baş verdi, indi də yodun defisiti yaranıb. Yod qıtlığının əsas səbəbi insanların kütləvi istehlakı ilə bağlıdır. İnsanlar düşünürlər ki, Rusiya əgər taktiki nüvə silahını istifadə edərsə, onun bura gəlib çata biləcək zərərlərindən qorunmaq üçün yoddan istifadə vacibdir.

Əvvəla, qeyd edim ki, yodun radioprotiktiv təsiri yetərli deyil. Bəzi xüsusi radioprodiktiv dərmanlar var ki, onlar individual olaraq hər bir əsgərin, mülkü müdafiədəki vətəndaşın çantasında olmalıdır. Onların qəbulu qaydası haqqında məlumatlar olur. Əgər hər hansı təhlükə yaranarsa, ölkə dərhal mülki-müdafiə sisteminə keçir. Bütün zirzəmilər, xüsusi gizlənmə yerləri hazırlanır, əhaliyə xəbərdarlıq olunur. Xəbərdarlıqdan sonra insanlar məlumatlandırılır və təbii ki, onlar müəyyən radioprodiktiv dərmanlarla təmin edilirlər. Yəni bu dövlətin səlahiyyətində və imkanında olan tədbirlərdir. Bu məsələdə vətəndaşların hər hansı bir ehtiyat görməsinin heç bir mənası, əhəmiyyəti yoxdur".

Terapevt Arzu Hüseynovanın fikrincə, yod hər bir evdə, ailədə olmalıdır: “Qıtlıq barədə bir söz deyə bilmərəm. Çünki bu, biznes sahəsidir. Yalnız onu deyim ki, yod həyatımızın hər anında bizə lazım olan dərman vasitəsidir”.

Terapevt qeyd edib ki, nüvə müharibəsinin başlanacağı təqdirdə yod da daxil olmaqla təbiətdə bütün mikro elementlər azalacaq.

“Nüvə müharibəsi başlasa evə yığdığımız 3-4 flakon yod bizə nə edəcək ki? O zaman gərək məişətdə istifadə etdiyimiz tərkibində yod olan məhsullar da qıt olsun.

Atom, nüvə silahlarından istifadə edəndə təbiətdə bir çox elementlərin qıtlığı yaranır. O cümlədən də radioaktiv yod azalır. Yəqin insanlar buna görə belə bir addım atırlar. Amma bu, çarə deyil. Apteklərdə satılan dərman vasitəsi yodun spirtdəki məhluludur. Onu daxilə qəbul etmək doğru deyil. Hətta içilsə belə, o bədəndə lazım olan yerə çatmır. Bu, özünü aldatmaqdır. Ondansa yodlaşdırılmış məhsullardan istifadə etmək daha ağlabatandır.

Yenə deyirəm bu təhlükəli silahlardan istifadə təbiətdə yalnız yodu deyil, bütün mikroelementləri azaldır”.


Müəllif: Nərmin

Oxşar xəbərlər