“Məşğulluq proqramları çərçivəsində 4 il ərzində 400 minə yaxın işsizi işə düzəltmişik. Təqribən hər il 100 min şəxsi işə düzəldirik”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlavə olaraq 55 min şəxs özünüməşğulluqla təmin edilib: “Burada deputatlar bildirdi ki, bəzən hər kəs özünüməşğulluq proqramına cəlb oluna bilmir. Bu proqramla ildə 15-16 min ailəni təmin edə bilirik. Müraciətlərin sayı isə bəzən 80-90 minə çatır”.
Sahil Babayev deyib ki, ümumi olaraq büdcə gəlirlərində həm transferin, həm də məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 % azalıb, özəl sektor artıb: “2019-cu ildən bu günə qədər sosial müavinətlərin, pensiyaların, əməkhaqqının artırılması istiqamətində çox ciddi islahatlar həyata keçirilib. Hər halda belə dinamik şəkildə sosial ödənişləri artıran az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması üçün bu ödənişlər ardıcıl şəkildə həyata keçiriləcək”.
Nazir qeyd edib ki, şəhid ailələrinə, qazilərə və müharibə veterenları ilə bağlı da ciddi işlər həyata keçirilib.