3 Dekabr 2022 13:25
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və İsveç Mülki Müdafiə Agentliyinin (MSB) birgə təşkilatçılığı, İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA) tərəfdaşlığı ilə “Fəlakət Risklərinin Qiymətləndirilməsi Metodologiyası üzrə Təlimçilərin Təlimi” adlı seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Seminar Avropa İttifaqının (Aİ) “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində təşkil olunub.

Seminarın keçirilməsində əsas məqsəd fəlakət risklərinin qiymətləndirilməsi üzrə milli metodologiyanın işlənib hazırlanması üçün təməlin və milli siyasətin formalaşdırılması və bu sahələrdə bacarıqların artırılması olub.

Seminarda Avropa İttifaqının Avropa Komissiyası (AK), Aİ-nin Mülki Müdafiə Mexanizmi, AK-nın Birgə Tədqiqat Mərkəzi və Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Milli Fəlakət Riskinin Qiymətləndirilməsi üzrə tövsiyələri əsasında Fəlakət Riskinin Qiymətləndirilməsi prosesi, Azərbaycanda cari vəziyyətin qiymətləndirilməsi, idarəetmə mexanizminin və institusional çərçivənin yaradılması, milli metodologiyanın ümumi göstəricilərinin (ilkin məlumatlar, təhlükələrin siyahısı, nümunələr, risk ssenariləri, təsir meyarları və hədləri, itki göstəriciləri və ehtimallar) müəyyənləşdirilməsi, fəlakət risklərinin ilkin və tam ssenarilərinin hazırlanması üçün nümunələrin müəyyən edilməsi və zəlzələ, daşqın, meşə yanğınları, torpaq sürüşmələri üzrə risk ssenarilərinin hazırlanması kimi məsələlər əhatə olunub.

Seminarda Fövqəladə Hallar, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, eyni zamanda İtaliya Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin və İsveç Mülki Müdafiə Agentliyinin nümayəndələri iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər