“Fransanın bir qrup deputatının hərəkətlərini pisləyirəm. Hesab edirəm ki, hansısa təhlükəli addımlar olarsa, Azərbaycanın Fransa ilə əlaqələrinə son qoyulmalıdır. Bunu Fransa rəhbərliyi də bilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fəzail Ağamalı bəyan edib.
Deputat xatırladıb ki, artıq 19 gündür Azərbaycanın bir qrup QHT və media təmsilçisinin Xankəndi-Şuşa yolunda etiraz aksiyası davam edir:
“Erməni vandallarının milli sərvətlərimizin talamasına qarşı başlayan aksiyanı dəstəkləyirəm. Qeyd edim ki, bu aksiya ilkin nəticələrini verib, erməni vandalları tərəfindən təbii sərvətlərimizin istismarına son qoyulduğu haqda məlumatlar var. Ancaq biz sona qədər getməliyik. Mən və sədri olduğum partiya fəalları bu aksiyasına qatılmağa və mübarizəni sona qədər aparmağa hazırıq”.
Fəzail Ağamalı əlavə edib ki, Qarabağa xarici qüvvələrin gəlməsinə imkan vermək olmaz: “Azərbaycanın müvafiq qurumları orada monitorinq keçirməli və müvafiq təkliflərini ölkə başçısına təqdim etməlidir.
Hesab edirəm ki, Gorus-Xankəndi yolunda gömrük və sərhəd postu qurulana qədər aksiya davam etməlidir.
Nəhayətdə beynəlxalq səviyyəli dələduz Ruben Vardaniyana qarşı cinayət işi açılmalı, o, həbs edilərək Bakıya gətirilməlidir”.