1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra bu istila ilə barışmayan qüvvələr 1930-cu illərə qədər müxtəlif üsyanlar ediblər. Xüsusilə Gəncə, Qarabağ, Zəngəzur və s. bölgələrdə baş verən qiyamlar uzun müddət bölgədə əks-səda doğurub. Bu üsyanlar haqqında, təəssüf ki, indiyədək geniş şəkildə tədqiqat əsəri yazılmayıb.
Azərbaycan mühacirət mətbuatında üsyanda iştirak edənlərin bəzilərinin xatirələri qeyd olunub. Bu xatirələrin biri də Zəngəzurdan olan Əhəd Əlizadəyə aiddir. Onun xatirəsi Almaniyada çap olunan “Kurtuluş” jurnalının 17-ci sayında (1936-cı il) dərc edilib.
Əhəd Əlizadə 1903-cü ildə Zəngəzur qəzasının Qubadlı nahiyəsinin Xələc kəndində doğulub. İlk təhsilini Qubadlıda alıb, Birinci Dünya müharibəsi başladığı üçün təhsili yarımçıq qalıb. Cümhuriyyət dönəmində Şuşada pedaqoji kurslarda təhsilini tamamlayıb, müxtəlif kəndlərdə müəllimlik və müdirlik edib. 1928-ci ildə bolşeviklərin onu həbs edəcəyi xəbərini eşidib, Zəngəzur dağlarına qaçaraq ruslara qarşı mübarizə aparıb. Lakin bolşevik qüvvələri qarşısında axıradək vuruşmaq mümkün olmayacağına görə, Cəbrayıl tərəfdən Araz çayını keçərək Səfərli kəndinə gedib. Bu döyüşlərdə qolundan yaralanıb. İranda il yarım qaldıqdan sonra konsul Ziya bəyin yardımı ilə o və 21 dostu Türkiyəyə yollanıb. Əhəd bəy Van şəhərinə yerləşib, orada ədliyyədə katib, eləcə də bir liseydə məmur olaraq çalışıb. 1977-ci il dekabrın 20-də Vanda vəfat edib, Akköprü məzarlığında dəfn edilib. Üç oğlu, iki qızı olub.
Əhəd bəy digər Azərbaycan mühacirləri ilə məktublaşıb, ara-sıra mətbuata yazılar göndərib. Mücadilə yoldaşlarından Mirmehdi Şinasi bəyin vəfatı ilə bağlı “Azərbaycan” jurnalında (sayı 211, 1974) qələmə aldığı yazısında üsyan dövrünə aid bir xatirəsindən bəhs edib: ““Tehran poçtu qara bir xəbər gətirdi. Milli Azərbaycan istiqlalçı və mücahidlərindən Mirmehdi Şinasi Azəri Tehranda vəfat edib... Mərhumun həyatı illərlə bolşeviklərə qarşı apardığı savaşlar, unudulmayacaq fədakarlıq və qəhrəmanlıqlarla dolu idi. Xüsusilə, Qarabağ üsyanlarında igidliyi və cəsurluğu ilə ün qazanmış nadir mücahidlərimizdən idi. 1929-cu ildə Cəbrayıl qəzasının Diridağ ərazisində ruslar tərəfindən mühasirəyə alınmışdıq, ölüm-dirim savaşı aparırdıq. Qurtuluş ümidimiz, demək olar ki, itmişdi. Mən də bu savaşda üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışırdım. Elə bu vaxt Qumluq kəndi tərəfdən bir süvari birliyin hücuma keçdiyini gördük. Rus çəmbəri qısa bir zamanda parçalandı və biz mühasirədən qurtulduq. Ruslar pərişan olmuşdu. Bizi mühasirədən qurtaran birliyin başında Mirmehdi Şinasini gördüyümüz zaman sevincimizin həddi-hüdudu yox idi”.
Şəxsi arxivimizdə Əhəd bəyin 1940-cı ildə mühacir liderlərdən Mirzəbala Məhəmmədzadəyə göndərdiyi bir məktub da mövcuddur. Əhəd bəy Türkiyədə “Ural” soyadını qəbul edib.
Əhəd bəyin bolşeviklərə qarşı qaldırdığı üsyanla bağlı xatirə yazısını təqdim edirik.
***
Əhəd Əlizadə
“Qarabağ üsyanları”
“Qurtuluş”un 9-cu sayında möhtərəm Mirzəbala bəy tərəfindən “Otuz ikilərin dastanı” başlığı ilə bir yazı nəşr edilib. Mühərrir bu yazısına bu cümlə ilə xitam verib: “Bu, qeyd etdiyim Qarabağ üsyanlarından bir səhifədir. Əsl üsyan 1928, 1929, 1930 və 1931-ci illərdə olmuşdur. Bunları da hadisələrin şahidi milliyyətpərvər yoldaşların hümmətindən diləyirik”.
Mən bu qanlı hadisələrdə iştirak etmiş və bunları gözümlə görmüş olduğumdan bu hadisələr haqqında oxuculara mümkün qədər məlumat verməyimi özümə borc bildim. Bu xüsusda yazdığım qeydlərin 1931-ci ildə İrandan Türkiyəyə sürgün edilərkən gömrük məmurları tərəfindən üzərimdə daşınması, təəssüf ki, qadağan edilmiş və bu vəchlə hamısı yırtılıb atılmış olduğu üçün hadisələri tamamilə deyil, ancaq yadımda qalanlarını ərz edəcəyəm.
1922-ci ildə Alyanlı əhalisi hökumətin zülm və qeyri-insani rəftarına təhəmmül etməyərək silaha sarıldılar və hökumətin mərkəzi olan Xanlığı ələ keçirdilər. Üsyanı yatırtmaq üçün gələn Bağırov üç günlük bir savaşdan sonra hökumət mərkəzi olan Xanlığı üsyançılardan təxliyyə etdirmiş və ələ keçən kəndliləri ayırmadan güllələtmişdir. O cümlədən 40 nəfəri qol-qola bağlayaraq Qaraimanlı dərəsi civarında Bağırovun əmri ilə əvvəlcə oğulları, sonra da ataları güllələndilər.
Fəqət üsyanın əsl mərkəzi olan Alyanlıya girə bilmədilər. 1922-ci ildən 1925-ci ilə qədər davam edən bu üsyanı yatırtmaq üçün Sumbatov 2500 nəfərlik bir qüvvə ilə təyin edildi və 25 sentyabrda Alyanlı üzərində dəhşətli bir müharibə başladı. Üç gün davam edən atışmadan sonra üsyançılar İrana iltica etmək üçün Arazboyuna hərəkətə başladılarsa da, qarşıdan gələn rus qüvvəti buna mane olunca Diridağa çəkildilər. Üç günlük bir mühasirə savaşından sonra ruslar bir komandan ilə 92 saldat ölü verdikdən sonra geri qaçdılar. Üsyançılar da Xudafərinin bir kilometr məsafəsindəki Qumluq cəbhəsinə hücumla postları dağıdaraq İrana iltica etdilər.
Bundan sonra, yəni 1925-ci ildən 1928-ci ilə qədər Qarabağın hər tərəfində geniş bir surətdə terror fəaliyyəti başladı. Bu müddət Cəbrayıl, Zəngəzur, Şuşa, Ağdam və Bərdə qəzalarında 120 məsul kommunist işçilərin öldürülməsi ilə nəticələndi. Vəziyyət elə bir dərəcəyə gəlmişdi ki, qəzalarda kommunistlər qorxudan çalışa bilmirdilər. Bir yerdən digər bir yerə bir kommunist məmurunun gedib-gəlməsi imkansız olmuşdu. Bu etibarla da kommunistlər canlarını qurtarmaq üçün firqəyə müraciətlə istefa edirdilər.
Terror fəaliyyəti getdikcə böyüyürdü. Nəhayət, iş terror şəklindən çıxaraq üsyan halına girir. 1928-ci ildən 1931-ci ilə qədər Qarabağın hər köşəsində qanlı və geniş bir surətdə üsyanlar davam edir. Hər tərəfdə “Yaşasın istiqlal”, “Yaşasın müstəqil Azərbaycan” nidaları yüksəlirdi. Ağdam üsyanının başında Əşrəf Nəzirli, Bərdədə Borsunlu Məhəmməd, Boyəhmədlidə Yunis, Hacı Şamlıda Kürdoğlu Məhəmməd, Qızılhacılıda Mirhəsən, Nadir, Cəbrayılda Xanəli, Dağ-Tumasda Qabil, Maşanlıda Əziz, Sobuda Qarakilsəli Qurban bəylər dayanırdı. Qarabağda hökumət namına bir şey qalmamışdı. Dəmiryolları və körpülər təxrib edilmişdi. Üsyançılar üzərinə göndərilən Azərbaycan əsgərləri “biz kiminlə hərb edirik” deyə savaşmaqdan imtina edirdilər.
Bir tərəfdən getdikcə genişlənən üsyan hərəkatı, digər tərəfdən Azərbaycan əsgərlərinin asilər üzərinə getməyərək hərbdən çəkinmələri Sovetləri tamamilə qorxuya salmışdı. Buna görə də hökumət Azərbaycan əsgərlərini Rusiyaya göndərir, yerinə Rusiyadan gətirilən külliyyətli rus qüvvətilə təyyarələr, tanklar, zirehlilərlə dəmiryolundan, Yevlaxdan və Murov dağlarından üsyançılar üzərinə təərrüzə başlanırdı.
Ruslar bu qüvvətin kafi gəlmədiyini hiss edincə Ermənistan cəbhəsindən erməni əsgərlərinin üsyançılar üzərinə təərrüzə keçilməsinə əmr vermişlərdi.
Qırmızı düşmənin dörd tərəfdən hücumunu və özlərinə heç bir tərəfdən maddi və mənəvi yardım edən bir əl belə olmadığını görən üsyan başçılarından mərhum Borsunlu Məhəmməd Maşanlıda dostu Əzizə yazdığı bir məktubda hər nə qədər vəziyyətin ağırlığını qeyd etdiyi
“Düşmən bir olsa, dəfni asandır eyləmək,
Vay ol zaman, hücum edərlər dörd kənarından”
beytilə müdrik olduğunu göstərirdisə də, yenə istiqlal düşməni rus qarşısında mərdanə dayanmaq və Azərbaycan istiqlalı uğrunda qəhrəman surətdə savaşaraq ölməyi tövsiyə edirdi.
Xülasə bir tərəfdən misli görülməyən qanlı çarpışmalar, digər tərəfdən də sürgünlər davam edirdi. Əhalinin varı-yoxu, bütün sərvəti talan və yağma edilərək Rusiyaya göndərilirdi. Fasiləsiz davam edən üç aylıq müharibədən sonra üsyançılar məğlub olaraq qismən dağlara, qismən İrana iltica edirlərdi. Qalib gələn rus ordusu qudurmuşcasına hər tərəfə hücum edir, ələ keçən çoluq-çocuq, qadın və ixtiyarlara dəxi aman verməyərək süngüyə keçirirdilər. Sovetlərin bu vəhşiyanə hərəkətindən vahiməyə düşən kəndlilər dağa-daşa iltica edirdilər. Hər daşın, hər ağacın dibindən sızıltı eşidilir, biri “ana”, biri “qardaş”, digəri “ata vay” deyərək ağlayır, körpə uşaqlar “ana”, “acam”, “çörək ver” deyə inləyirdilər.
Dağlara qaçan bir çox uşağı qurdlar parçalamışdı.
Xülasə cənnət sayılan Qarabağ bir məhşər səhnəsini xatırladırdı. Bundan sonra talan edilmiş Qarabağda kommunistlər “biz və istiqlalçılar”, “biz və müsavatçılar” deyə ötürdülər...
05.01.1936
Zəngəzurlu Əlizadə Əhəd