İslama görə Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağaseyid Yaqubov Teleqraf.com-a açıqlamasında fitrə zəkatının əsasən bayram axşamı və səhər bayram namazına qədər çıxarıldığını bildirib.
O deyir ki, zəkat ən çox istifadə olunan ərzaq məhsullarının 3 kiloqramı həcmində çıxarılır: “Qazılar Şurası pul vahidi olaraq isə adambaşına 5 manat müəyyən edib. Bu, orta bir məbləğdir. Ola bilər ki, ailələrdə adam sayı çox olsun və bu məbləğə imkanları çatmasın. Bu zaman insanlar gücləri çatdığı qədər zəkat çıxara bilərlər. Ümumiyyətlə, imkanı olmayana fitrə zəkatı çıxarmaq vacib deyil. Əksinə, onlara fitrə zəkatı çıxaranlar kömək etməlidir ki, bayramlarını xoş keçirsinlər”.
Müsahibimizin qənaətincə, imkanlı şəxslərlə nisbətən kasıb insanlar arasında fitrə zəkatı fərqli olmalıdır: “İmkanlı şəxslərin gəlirləri daha çox, ailə üzvlərinin sayı az ola bilər. Onlar üçün 5 manat çox cüzi bir məbləğdir. Onlar 5 manatla kifayətlənməməlidirlər. Elə bir məbləğ çıxarmalıdırlar ki, mal-mülklərindən bir şey ayırdıqlarını hiss etməlidirlər. Yerə tökülən qırıntıları çıxarıb kimisə sevindirməyi düşünməsinlər.
Daha yüksək məbləğ kasıbların işinə yarayanda onlar sevinirlər. İmkanlı şəxslər bunu nəzərində saxlasın. Qurani-Kərimdə buyurulur ki, Allah sənə mal-mülk veribsə, onun qarşılığını bəndəyə ver. Bu nöqteyi-nəzərdən yuxarı təbəqədə olan insanlar fitrə zəkatı 5 manatdan daha yüksək məbləğdə hesablasınlar.
Nisbətən kasıb insanlar nə qədər fitrə zəkatı çıxarmağa gücləri çatırsa, o miqdarda çıxarsınlar. Bu zaman fitrəni çıxaran şəxs özündən kiçiyinə ötürməklə sonuncu evin ən azyaşlısı pulu qapının çölünə qoyur. Sonra həmin zəkat sahibinə çatdırılır”.
Bəzi insanlar düşünür ki, oruc tutmayıbsa, fitrə zəkatını verməsə də olar. Fitrə zəkatının verilməsi kimlərə vacibdir?
Ağaseyid Yaqubovun sözlərinə görə, müsəlman olmayan da fitrə zəkatı verməlidir: “Oruc tutub-tutmamaq ölçü vahidi deyil. Elə insanlar var ki, xəstədir, elələri var, yaşı çatmır, oruc tuta bilmir. Fitrə zəkatını ağlı başında, imkanı çatan insan verməlidir. Fitrə zəkatı çıxaran insanlar il ərzində ata-anasını, qohum-qardaşını dolandırır. Yaxud müəssisə rəhbəridir, maaş verir, evində xadimə saxlayır, mühafizəçisi var, mütəmadi onların çətinliklərini aradan qaldırır, toyuna, yasına köməklik edir. Onların da fitrə zəkatı çıxarmağa maddi imkanları yoxdur. Bu nöqteyi-nəzərdən bu insanların fitrəsini də himayədarları çıxarmalıdır.
Fitrə zəkatı Ramazan orucunun tamamıdır, oruc tutanın orucunun qəbul olması üçün bir vasitədir. Fitrə çıxarmağı Ramazan orucunu tutmamağa qurban vermək olmaz. İnsan oruc tutmasa belə, heç olmasa fitrə zəkatını çıxarmalıdır”.
Fitrə zəkatı evdə olan insanların sayına uyğun çıxarılır. Əgər evdə qonaq varsa, zəkatı kim verməlidir?
İlahiyyatçı qonaq getməyin bir neçə mənada işləndiyinə diqqət çəkib: “Biri var qonaq gedir, axşam evinə qayıdacaq. Bir də var ki, rayondan durub gəlib, evi uzaqdır, qalmağa yeri yoxdur. Bu şəxslərin fitrəsini ev sahibi verə bilər. Amma evinə qayıtmaq imkanı olan şəxslərin fitrəsini özləri çıxarmalıdır. Bu məsələlərə diqqət etmək lazımdır. Təsadüfən evinə gəlib bir-iki sata oturub gedən şəxsin fitrə zəkatını ev sahibi vermək məcburiyyətində deyil”.
Fitrə zəkatını tez çıxmağa gəlincə, QMİ rəsmisi fitrənin bayram ərəfəsində çıxarılmağın mahiyyətinə toxunub: “Əgər bayramın vaxtı müəyyəndirsə, məbləği ayırıb həmin vaxtda sahibinə çatdırmaq olar. Bayram günü zəkatı verəcəyin şəxsi görməmə şansı da mümkündür. Amma fitrəni öncədən ona çatdırmaq istəyirsən. Bu zaman pulu borc məqsədilə çatdıra bilərsən. Yəni zəkatı öncədən verib bayram vaxtı çatanda o pulu həmin şəxs üçün fitrə zəkatı hesab edə bilərsən. Şəriət belə bir üslub qoyub. Yəni çıxış yolu var, sıxıntı yoxdur. Yenə də üstünlük zəkatı bayram axşamı çıxarıb, bayram günü həmin insana çatdırmaqdan yanadır. Əlverişli deyilsə, üzrlü səbəbdən fitrəni öncədən də vermək olar.
Bir insanı zəkat verəcəyiniz insan tərəfindən vəkil tutursunuz. Pulları əmanət kimi həmin şəxsə verirsiniz. Vəkil tutduğunuz şəxs bayram günü sizin adınızdan zəkatı sahibinə çatdırır.
Fitrə zəkatı bayram sevinci kimidir. Siz zəkatı 3-5 gün öncə verərsiniz, o aparıb öz ehtiyaclarına xərcləyəcək. Bayram günü sən sevinəndə zəkatı alan şəxs əliboş qalacaq, sevinməyəcək. Burada sevincin bölüşdürülməsi mühümdür”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.