Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində artım müşahidə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, bu gün saat 09.00-a olan məlumata əsasən, gecə saatlarında yağan yağışlar nəticəsində bəzi çaylarda sululuğun artımı müşahidə olunub.
Masallı rayonu ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olunub. Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb. Nəticədə Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub və yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir.