Azərbaycandakı hava şarları layihəsinə hazırlıqlar 2 il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb və bu şarlar öz maraqlı dizaynları ilə də diqqətçəkən olub.
Teleqraf.com xəbər verir ki, festival çərçivəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı da təşkil edilib. Xalq artistləri Faiq Ağayev, Miri Yusif, Əməkdar artist Lalə Məmmədova, Dilarə Kazımova, Eldar və Nigar və digərləri izləyicilərin qarşısına hit mahnılarla çıxıblar.
Festivalın əyləncə proqramına həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzulara dair ustad dərsləri daxil edilib. İştirakçılar gildən fiqurların hazırlanması, rəngkarlıq, kukla teatrı, stolüstü oyunlar, toxuculuq və digər sahələr üzrə ustad dərslərində iştirak imkanı qazanıblar. Beləliklə, qonaqlar hava şarlarının uçuşunu izləməklə yanaşı, həm də maraqlı və əyləncəli həftəsonu keçiriblər.
Festivala Şamaxı və qonşu rayonlardan Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da dəvət alıblar. Onlar festival ərazisində təşkil edilən əyləncələrdə iştirak ediblər, böyüklərlə yanaşı uşaqların da hər zaman marağına səbəb olan hava şarlarının uçuşunu izləyiblər. Qəhrəman şəhidlərimizin övladlarının hər birinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerə səfər edir.
Məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-ın Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb edib və ABŞ-da ən böyük əyləncələrdən birinə çevrilib. Hava şarları ilə uçuşlar hazırda Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə də təşkil edilir.