Zəngilan rayonunun Ağalı kəndində 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bu bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.
Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib.
Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi qələbələri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Daha sonra tədbir Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı davam edib.