“Siyasi mübarizə” apardığını iddia edən bəzi şəxslərin etikadan, əxlaqdan kənar ifadələrlə sosial şəbəkələrdə “müraciətləri” heç bir halda, heç kim tərəfindən normal qarşılana bilməz. Əksinə, bu, həmin ifadələri işlədən insanın əxlaqı, kimliyi, mahiyyəti haqda təsəvvürlərin yaranmasına səbəb olur. Özlərini opponent hesab edən və ölkədən xaricdə məskunlaşan bir neçə insan etikadan və əxlaqdan tam kənar sözlərdən maksimum istifadə yarışına giriblər. Onlar bilirlərmi ki, bu işlətdikləri sözləri onların ana-bacıları da eşidə, dinləyə, oxuya bilər? “Xalqım” deyə müraciət etməyə cəsarət etdikləri şəxslərə o söyüşləri necə eşitdirə, oxuda bilərlər? Bu insanlar elə ifadələr işlədirlər ki, onların, əslində, başkəsən terrorçudan mahiyyət etibarilə heç bir fərqinin olmadığı üzə çıxır. Xalqın böyüklüyü təkcə yaratdığı maddi abidələrlə deyil, həm də min illərlə formalaşdırdığı əxlaqla, mənəvi bütövlüklə, milli dəyərlərlə ölçülür. Onların seçdikləri özünüifadə, əslində, xalqımızın əxlaqi-mənəvi abidələrinə yönələn terrordur, Azərbaycan kişisinin yüz illərdir ana-bacısının qulağı eşitməsin deyə qoruduğu, buna görə, hətta savaşa qalxdığı, canından keçdiyi pislikdir. Bu özünüifadəni sosial şəbəkədən xalqın üzünə püskürmək hamının təhqiridir, Azərbaycan kişisinə həqarət, öz ailəsinə hörmətsizlikdir.
Ölkədən kənarda yaşayan bu şəxslər, heç olmasa, yaşadıqları ölkənin siyasi münasibətlərini dərk etsinlər. Türkiyə siyasi mühiti Azərbaycanda ən çox izlənən arenadır və ordakı ritorikanı hər kəs çox gözəl bilir. Qardaş ölkədə, hətta ən sərt ifadələrlə tənqid zamanı belə opponentlər bir-birinə “sayın” (hörmətli) sözünü işlədirlər və bununla öz əxlaqlarını, siyasi mübarizəni şəxsi müstəviyə keçirmədiklərini nümayiş etdirirlər. Ancaq çox təəssüf ki, bir neçə azərbaycanlı öz əxlaqlarını sosial şəbəkəyə daşımaqla xalqımız, dövlətimiz haqda olduqca mənfi rəy yaradılmasına çalışır. Bu, əlbəttə, yolverilməzdir və buna son qoyulmalıdır.
Bu baxımdan haqlı olaraq bu günlərdə sosial şəbəkələrdə keçmiş millət vəkili, tanınmış jurnalist, "Teleqraf Holding"in rəhbəri Aynur Camalqızına qarşı başladılan çirkin kampaniya cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı şəkildə qınandı.
Cəmiyyətin zamanında bu məsələyə gərəkən sərt təpkini verməsi sevindiricidir. Aynur Camalqızı çox gənc yaşında ölkədə imzası ilə tanınan bir yazar, seçicisinin etimadını doğrulmuş millət vəkili, nüfuzuna və gücünə görə ilk sıralarda olan media təşkilatının rəhbəridir. Aynur xanım bütün bunlara istedadı və zəhməti ilə nail olub və bir gənc Azərbaycan xanımının bu uğurları hər bir soydaşımızı, xüsusən də xanımlarımızı sevindirməlidir. Bu baxımdan qarayaxma kampaniyasında Gültəkin Hacıbəylini də görmək mənim üçün çox üzücü oldu. Axı Gültəkin xanım da gənc yaşından millət vəkili kimi fəliyyəti, Heydər Əliyev siyasi kursunun müdafiəçisi, İlham Əliyevin prezident seçkilərində fəal təbliğatçı kimi hər kəsin sevgisini və uğurlarına görə hörmətini qazanmış bir xanımdır. O zaman heç kim Gültəkin xanımı sorğu-suala çəkmirdi, çünki hər bir azərbaycanlı milli əxlaq dəyərlərimizə görə soydaşımız olan bir xanımın uğurlarına ancaq sevinə bilər. Gültəkin xanımın millət vəkili kimi də, ictimai siyasi xadim kimi də, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü kimi də fəaliyyətini hər zaman təqdir etmişəm və xalqımın bir xanım siyasətçisi ilə fəxr etmişəm. İndi Gültəkin xanımın onun kimi elə onun yaşda parlayan bir xanıma – Aynur xanıma qarşı polemikaya qoşulması məni rahatsız etdi.
Bugünkü siyasi mövqeyi ilə razılaşmasam belə, içində Vətənə xəyanət niyyəti yoxdursa, Gültəkin xanıma qarşı da əks siyasi düşərgədən hər hansı xoşagəlməz münasibətin hər zaman əleyhinə olmuşam. İndi Gültəkin xanımın Aynur xanıma qarşı şər-böhtan kampaniyanın üzvlərinə dəstək olması, onların ifadə edilməsi belə ayıb olan təhqirlərini alqışlaması Azərbaycan xanımına, xüsusən də mənim tanıdığım Gültəkin xanıma əsla yaraşmır. Azərbaycan xalqı hər zaman əxlaqi dəyərləri, xüsusən xanımlarının yüksək amalı ilə dünyada tanınıb. Təəssüf ki, hansısa qara qüvvələr min illərlə qorunan prinsiplərimizi darmadağın etməkdədir və hər cür qeyri-əxlaqi mübarizə formaları siyasi arenaya daşınır. Siyasət və hakimiyyət iddiaları heç bir halda milli dəyərləri arxa plana keçirə bilməz.
Aynur xanıma atılan çirkin iftiralar təkcə bir qadına ünvanlanmayıb, bütün milli imzalara qarayaxma, dövlətin və cəmiyyətin maraqlarının ifadəçilərini susdurmaq, pisikdirmək cəhdidir. İndi dövlət mövqeyini ortaya qoymalı və həmin iftira şəbəkəsini qanunla cəzalandırmalıdır. Əziz Gültəkin xanım, bütün bunları həmin təhqirlərə illərlə məruz qalan bir ana, həyat yoldaşı və nənə kimi yazıram, sizin müdafiə etdiyiniz siyasi cəbhə məni və ailə üzvlərimi hər fürsət düşdüyündə təhqir etməkdən zövq alıb, sizə nə oldu? Siz ki milli-mənəvi dəyərlərə sayğı ilə yanaşardınız?! Ən azından mənim gözümdə sizin obrazınız hər zaman belə olub.