Azərbaycan Kültür Dərnəyinin Ankarada nəşr etdiyi “Azərbaycan” jurnalının 1982-ci ildə çıxan 240-cı sayında Rəsul Azəri adlı ordubadlı bir şair haqqında material dərc olunub.
Yetkin Ural imzası ilə çap edilən “Azərbaycanlı şair Rəsul Azəri ilə söhbət” adlı məqalədə şairin həyat hekayəsi, müxtəlif fikirləri və bəzi şeirləri verilib. Həmin dövrdə otuz ildir ki ruhi xəstəxanada qalan şair haqqındakı maraqlı məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Yetkin Ural
Azərbaycanlı şair Rəsul Azəri ilə söhbət
Otuz ildən bəri Bakırköy Ruhi Xəstəxanasında yatan Rəsul Azəri Azərbaycanın Ordubad şəhərində dünyaya gəlmişdir. Özü 1323-cü ildə (rumi təqvimlə - D.Ə) doğulduğunu (75 yaşında) söyləməkdədir.
Ruhi xəstəxananın 36 saylı servisində, içəri girincə sağdakı ən son otaqda qalır. Otağına daxil olan kimi maraq və heyranlıqla araşdırmağa başladım. Olduqca təmiz, səliqəli, tərtibli bir otaqda idim. Bütün divarlar şairimizin şeirləri (tablolarla bəzənmiş) ilə dolu idi. Şeirdə anlatmaq istədiyi mövzunu rəsmlər əlavə edərək özünəməxsus bir metod yaratmışdı.
Qəzet və dərgilər masasının üstünə sığmadığı üçün bir qismini də çarpayısının üzərinə yığmışdı.
Mən otağına girdiyimdə gündəlik qəzetləri oxuyurdu. Salam verib “Azərbaycan” dərgisi adına gəldiyimi söyləyincə çox həyəcanlandı, qürurlandı və tez mənə yer göstərərək oturtdu.
Yaşına rəğmən çox dinc, hərəkətli olan Rəsul Azəri ilə xeyli söhbətləşdik, dərdləşdik. Ədəbiyyatdan sənətə, tarixdən coğrafiyaya qədər hər mövzuda detallı məlumata sahib olan şairimiz mükəmməl bir hafizəyə, kəskin zəkaya malikdi.
Hər söylədiyini bilən, çox yaxşı düşünərək cavab verən, hər bildiyini söyləməyən Rəsul Azəri ibtidai təhsilini Ordubadda alıb. Müxtəlif səbəblərə görə təhsilini tamamlaya bilməmiş, ancaq şəxsi qeyrəti ilə çox oxuyaraq özünü yaxşı yetişdirdiyini danışığından, şeirlərindən anlamaq mümkündü.
1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalı üzərinə 17 dostu ilə birlikdə qaçaraq İrana sığınmışlar. Daha sonra oradan Vana keçmişdir. Vanda bir müddət qaldıqdan sonra Anadolunun bir çox vilayətlərini dolaşaraq İstanbula gəlmişdir.
Şairimiz başına gələnləri mənə anlatarkən birdən sözünü kəsdi və “dayan, sənə çay dəmləyim, ondan sonra söhbətimizə davam edərik” deyərək çaydanı ocağa qoydu. Mən bu arada tez soruşdum: “Ruhi xəstəxanaya necə gəldiniz?”. “Hələ ki zamanı deyil. Zamanı gəlincə hər şeyi söyləyəcəyəm! Sən hələlik 1950-ci ildə buraya gəldiyimi bil yetər” deyə cavab verdi.
Çox gözəl ifadə tərzi vardı. Özünü eşitdirə bilirdi. Mən suallarıma davam etdim: “İlk şeirinizi nə zaman yazdınız?”
“Otuz il öncə” dedi (xəstəxanaya ilk düşdüyü zaman) və davam etdi. İlk şeirimin adı “Tımarxana dəlisidir”. “İndi o şeiri sənə oxuyacağam” dedi və əzbərdən oxumağa başladı.
Tımarxana dəlisi
Mən də düşdüm fələyin bir gün qərib fəndinə
Polis ciplə gətirdi tımarxana bəndinə
Burası başqa aləm, ey qafa, gəl kəndinə
İndi sənin də ismin tımarxana dəlisi...
İstərsən ol yüzbaşı, hakim və ya avukat,
Ayə, sənə kim dedi böyüklərə bir daş at,
Qarınla qovğa edib dadlı aşa zəhər qat,
Əlbət, indi olarsan tımarxana dəlisi.
Çiləsiz insan olmaz... sən də doldur çiləni
Sinirlənmə, üzülmə, sakın pozma freni,
Aç gözünü qarışmam, qaçırarsan treni,
Sonra topdan olarsan tımarxana dəlisi...
Bəlkə, sənə məskəndi bir zamanlar Bəyoğlu
İstərsən ol ağıllı, xor görər ya eloğlu,
Fərz et hər gün gəliyor ziyarətə Koroğlu,
Yenə ellər deyir ya tımarxana dəlisi...
Bəlkə, sevda üzündən, qovğalardan qaçırdın,
Bəlkə polis-jandarma təpiyindən şaşırdın,
Kim bilir hansı qəza, hansı işlər qaçırdın,
Əlbəttə, bir səbəb var tımarxana dəlisi...
Bu ictimai yara insanlığı ürküdür,
Həm elə bir yara ki vicdanları çürüdür,
Hətta psixoloqlar boşa qələm yürütür,
Ey tibb, səni gözləyir tımarxana dəlisi...
Söylə, ey tibb, dəlilik niyə, neçin çoxalır?
Hadisələrmi səbəb, nədən qafa bunalır?
Müsəbbiblər kim əcəb, neçin normal azalır?
Sonra çoxlar oluyor tımarxana dəlisi...
Şeiri ancaq bir teatr sənətçisi bu qədər gözəl oxuya bilərdi. Mükəmməl bir türkcəsi və çox yaxşı tələffüzü vardı. Elə bu anda dil mövzusundakı görüşlərini soruşdum: “Dildə birlik çox önəmli mövzudur. Gözəl türkcəmizi doğru yazmalı, doğru danışmalı, inkişaf etdirməliyik. Sənətçi əsərlərində geniş xalq kütlələrinin anlaya biləcəyi bir dil istifadə etməlidir. Müəyyən bir zümrəyə xitab etməməlidir. Bizim divan şeirimiz sənət olaraq mükəmməl olsa da, dil yönündən çox ağır olduğu üçün geniş kütlələrə yayılmamışdır” şəklində cavab verdi.
Bu arada çay dəmlənmişdi. 75-lik dəliqanlı mənim qalxmağıma fürsət vermədən özü ayağa duraraq xidmət etdi. Çaylarımızı qurtumlayarkən mənim yeni sual soruşmağıma imkan vermədən “Sual soruşmağına gərək yoxdur, bütün öyrənmək istədiklərin şeirlərimdə var. Anlayışlı adam nə demək istədiyimi başa düşər” dedi və “Qorxma, ey yolçu” adlı şeirini oxumağa başladı:
Qorxma, ey yolçu
Tımarxana deyə ürkütdüyün bu diyar
Gir də gör kimlərin qaldığı yerdir.
Gördüyü bu şamlar... füsunlu diyar
Necə cananların qaldığı yerdir.
Qadını - kişisi.... böyüyü - kiçiyi,
Alimi-cahili.... aydını-hödüyü,
Gəlinlik qızların cehiz düyünü
Nələrin burada qaldığı yerdir.
Bu şeirin daha bir neçə qitəsi var. Biz yer baxımından ancaq bu qədərini verə bildik.
Geniş bir tarix bilgisinə sahib olan şairimiz türk tarixini qabaca üç dönəmə ayırır. Öz ifadəsi ilə birincisini “Dünənki şahlanan türklük”, ikincisini “Bugünkü yatan türklük”, üçüncüsünü isə “Sabahkı şahlanacaq türklük” olaraq adlandırır. Bu ifadələrini rəngarəng rəsmlərlə açıqlamağa çalışmışdır.
“Allah prezidentimiz Kənan Evrendən razı olsun. O olmasa idi, türklüyün son müstəqil qalası olan Türkiyə də az qalsın uçuruma yuvarlanırdı. Çox şükür, onun sayəsində Türkiyə bu çətinlikdən qurtuldu” deyən Azəri daha sonra “Mən türkçüyəm, müsəlmançıyam, insançıyam” deyərək (bunlar tamamilə öz ifadəsidir) “Mən türkəm, əvət” adlı şeirini oxumağa başladı:
Mən türkəm, əvət
Mən türkəm, əvət... Tarixə sordum ki, kiməm mən
Altayları göstərdi dedi, irqinə sor sən,
Bir yanda cirit oynağı, bir yanda küheylan
Bir xatirə ki, get onu çingizlərə sor sən.
İllər və əsrlər, neçə tarixlər aşan o,
Yalçın qayalar, həm nə bataqlıqlar aşan o,
Çindən... Yəmənə; Bağdadı mərkəz edən o,
Bir xatirə ki, get onu çingizlərə sor sən.
Rəsul Azəri bu şeirini hələ tamamlamadığını, daha bir neçə qitə yazacağını söylədi. Böyük qismi şeirlərlə keçən söhbətimiz irəlilədikcə şairimiz coşqulu şeirlərindən birini daha oxudu:
Dur, yunan
Enosis deyə qaçdığın bu Kıbrıs
Unutma, türklüyün qəlbi orada...
Şəhidlər qanı ilə sulanan Kıbrıs,
Tarix ilə türklüyün canı orada...
Orada Lalamın məzarı vardır,
Orada camilər, türbələr vardır,
Orada məhmədcik qanları vardır,
Tarixdən türkü sorsana, yunan...
Bu şeirlər şairimizin milli hisslərinin nə qədər qüvvətli olduğunu meydana çıxartmaqdadır. Şairin bunun kimi pək çox şeiri mövcuddur. Bu nöqtəyə mütləq toxunmalıyam. Şairimiz bütün şeirlərini əzbərdən oxuyurdu. “Son olaraq sənə “Salam sənə, Ankaram” adlı şeirimdən iki qitə oxuyum, bununla da söhbətimizi tamamlayaq” dedi və oxumağa başladı:
Salam sənə, Ankaram
Mənim gözəl Ankaram, sən tarixlər yatağı,
Nələr keçdi başından, ey cümhuriyyət otağı,
Sən bu vətən sülhünün fərman verən konağı,
Vətən sənə minnətdar, mənim gözəl Ankaram!
Tarix səndə, şöhrət səndə, nam səndə,
Anıtqəbir, alim-cahil, can səndə,
Məşhur balın, göy armudun, xam səndə,
Tarixlərə dastan, gözəl Ankaram!
Beləcə bütün hissiyyatını şeirlərlə anlatan şairimizlə söhbətimizin sonuna gəldik. Ana Vətən Azərbaycandan çox uzaqlarda, İstanbul Ruhi Xəstəxanasında 30 ildir polad iradəsindən heç bir güzəşt etmədən qədərin acı oyunlarına qarşı dayanmağa çalışan Rəsul Azəri ruhi xəstələrin maraq dolu baxışları arasından məni qapıya qədər ötürmək nəzakətini də göstərdi. Daha sonra Ana Vətəndən çox-çox uzaqlarda çiləsini çəkməyə davam edəcəyi otağına əmin, vüqarlı addımlarla yürüdü, getdi.
P.S. Qeyd edək ki, mühacir şair Rəsul Azərinin “Azərbaycan” jurnalının 241-ci (1982) sayında “Sel aldı getdi” adlı 14 bəndlik şeiri də dərc olunub.