2 Aprel 2015 10:44
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrət Yusifov: “Banklar əmanətlərə görə yüksək faiz ödəməyi təklif edirlərsə bunun iki əsas səbəbi var…”

“Bank elə bir təşkilatdır ki, onun gəlirləri cəlb etdiyi və yerləşdirdiyi maliyyə vəsaitlərinin fərqindən yaranır. İstənilən halda bankların əmanətlərə görə ödədikləri faizlərin səviyyəsi bir çox amillərdən asılı olur. Ölkədəki makroiqtisadi vəziyyət, infilyasiyanın səviyyəsi, kiçik və orta biznesin inkişafına dövlət dəstəyinin mövcudluğu və başqa bu kimi şərtlər cəlb edilən əmanətlərə görə faizlərin səviyyəsinin müəyyən olunmasında əsas amil kimi çıxış edirlər”.

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov yerli bankların əmanətlərə görə ödəniş faizlərini artırmasının səbələrindən danışarkən deyib.

F.Yusifov qeyd edib ki, istənilən mal və məhsulların istehsalı və satışında olduğu kimi, burada da depozitlərə görə faizlərin səviyyəsi ölkədə pul vəsaitlərinə olan tələb və təklif əsasında müəyyən edilir: “ Tələb böyük olduqda əmanətlərə görə faiz dərəcələri də yüksək müəyyən edilir, az olduqda isə əksinə, faiz dərəcələri aşağı olur. Bu gün Azərbaycan bankları əmanətlərə görə yüksək faiz ödəməyi təklif edirlərsə bunun iki əsas səbəbi var. Biri ondan ibarətdir ki, ölkə iqtisadiyyatı özünün yeni inkişaf mərhəlləsinə qədəm qoyub, qeyri neft sektorunun inkişafı dövlət səviyyəsində əsas prioritetə çevrilib və bu səbəbdən ölkədə kreditlərə tələbat artıb. Manatın məzənnə yumşalmasında tədricilik prinsipini gözləyə bilməsək də bütövlükdə məzənnəsinin yumşaldılması da iqtisadiyyatın daha sürətli inkişafını təmin etməyə hesablanıbdı. Ona görə də banklar yaranmış vəziyyətdə yüksək faizlə cəlb etdikləri əmanətləri səmərəli şəkildə yerləşdirməklə daha çox qazanc əldə etmək istəyindədirlər. Bu, təbii bir haldır. İkinci səbəb isə banklarda kifayət qədər likvidlik olmadıqda baş verir. Daha doğrusu, banklar əmanətləri daha az müddətə cəlb edib, kreditləri daha uzun müddətə verirlərsə, onda cəlb edilən vəsaitlərlə yerləşdirilən vəsaitlərin arasında zaman baxımından uyğunsuzluq yaranır. Buna banklarda “kassa çatışmazlığı” deyilir. Bu çatışmazlıq problemli kreditlərin həcmi gözlənildiyindən artıq olduqda daha böyük ola bilir. Problemin həllini banklar adətən daha çox əmanət cəlb etməklə həll edirlər. Banklar arasındakı rəqabətin mövcud olduğu bir şəraitdə daha çox əmanət cəlb etməyin yeganə yolu isə müştərilərə depozitlərə görə daha yüksək faizlər təklif etməkdən keçir”.

BİAB sədrinin sözlərinə görə, hökumət və Mərkəzi Bank əmanətlərə görə bankların ödədikləri faizlərin səviyyəsinə birbaşa deyil, dolayı yolla təsir edə bilərlər. Mərkəzi Bankın uçot dərəcəsini dəyişdirməsi, kredit təşkilatlarının depozitlərə görə əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsində edilən dəyişikliklər bu sırada olan məsələlərdəndir.

Manatın məzənnəsinin yumşalmasından sonra bankların əmanətlərə görə ödəniş faizlərini bir qədər artırmasının təbii hal olduğuni deyən F.Yusifov yüksək ödəniş faizləri fonunda əmanətlərə görə risklərin yaranıb-yaranmaması məsələsində də toxunub: “Bəzi banklar cəlb edilən əmanətlərə görə hətta illik 17%-ə qədər ödəniş tələklif edirlər. Əgər əmanətlər sığortalanıbsa, onları belə yüksək faizlə də banklara yerləşdirmək olar. Burada qorxulu heç nə yoxdur. Bütövlükdə hesab edirəm ki, əmanətlərə görə 10-12% həddində ödənişlər bu gün üçün daha realdır”.


Müəllif:

Oxşar xəbərlər