31 May 2015 11:29
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayı Azərbaycanda yenidən 7-8 il əvvəlki narahatçılığa qaytardı və ölkə yenidən quş qripi narahatçılığı ilə üz-üzə qaldı.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı qonşu Türkiyədə ev quşları arasında quş qripi, yəni H5N1 virusu qeydə aldı ki, bu da həmin təhlükənin tezliklə Azərbaycanı da narahat edə biləcəyi ehtimalını gücləndirdi.

7-8 il qabaq Türkiyədə də, Azərbaycanda da ev quşlarından keçən yoluxma nəticəsində insan ölümləri qeydə alınmışdı və vəziyyət nəzarətdən çıxarsa, bu hal yenidən təkrar oluna bilər. Son aylarda əhvalinin broylerə olan marağının dəfələrlə azalması da müşahidə edilir. Yəni artıq broylerin müxtəlif hormonlarla və geni dəyişdirilmiş qidalarla bəsləndiyini, daha sonra müxtəlif preparatlarla şişirdildiyini sadə alıcıdan gizlətmək mümkün deyil. Bunun nəticəsidir ki, sovet illərində olduğu kimi, kənd toyuqları yenidən şəhər əhalisinin istehlakının əsas trendinə çevrilib. Bu isə baş verə biləcək təhlükənin bu dəfə daha güclü ola biləcəyindən xəbər verir.

Lakin Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin başçısı Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, bu dəfə ümumiyyətlə quş qripinə qarşı mübarizə daha çevik və az itkilərlə aparılacaq. “Quş qripinin tüğyan elədiyi həmin vaxtlar bizim lazımi avdanlığımız yox idi. Ona görə də bəzi analizləri xaricə göndərirdik. Amma 2006-cı ildə Dövlət Neft Fondundan vəsait ayrıldı, PZR və Eliza tipli yeni avadanlıqlar alındı. Həmin avadanlıqlar artıq quş qripi və quduzluq üzrə bütün analizləri Azərbaycanda aparmağa imkan verir”,- deyə Yolçu Xanvəli vurğulayıb.

DBX təmsilçisinin sözlərinə görə, ilin sonuna yaxın Baytarlıq Şəhərciyinin istifadəyə verilməsindən sonra indi aparılması üçün xaricə müraciət edilən bütün analizlər ölkə daxilində aparılacaq. “Baytarlıq şəhərciyində Dövlət Baytarlıq Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Elmi Təqdqiqat Baytarlıq İnstitutunun binaları yerləşəcək. Respublika Baytarlıq Laboratoriyası tam təmir ediləcək və yeni avadanlıqlarla təchiz ediləcək. Laboratoriyada molekulyar səviyyədə analizlər aparılacaq. Yəni heyvanın DNT-sini, cinsini və s. müəyyən etmək mümkün olacaq. Məsələn, yarış atların cinsini, keçirdiyi xəstəlikləri və s.-i müəyyən edə biləcəik. Bunun üçün laboratoriyanın 80 işçisindən 50-si xarici ölkələrdə təlim keçərək lazımi sertifikatları alıblar”,- deyə Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, yeni Baytarlıq Şəhərciyi epizotik vəziyyətə daha çevik nəzarət etməyə imkan yaradacaq. “Mütəxəssislərin alimlərlə bir yerdə oturması çox əlverişlidir. Lazım gələndə onların məsləhətlərindən istifadə edirlər. Biz həm də 12 regional baytarlıq mərkəzləri yaradırıq. Onlar BSL - 2 səviyyəsinə uyğun olacaq. Bu, ən yüksək səviyyədən bir pillə aşağıdır. Respublika Baytarlıq Laboratoriyası isə ən yüksək səviyyə olan BSL-3-ə uyğun gələcək”,- deyə deyə DBX təmsilçisi vurğulayır.

Yəni Yolçu Xanvəlinin sözlərindən belə anlaşılır ki, Azərbaycan ailələri indən belə rahatlıqla və heç bir çətinlik çəkmədən kənd toyuğu yeyə biləcəklər. Artıq istənilən təhlükəni dəf etməyə imkan verən, istənilən infeksiyanın qarşısını almağa qadir alimlərimiz və elmi qurumlarımız var.

anspress.com


Müəllif:

Oxşar xəbərlər