10 Sentyabr 2015 15:08
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Arıçılar İttifaqının, Azərbaycan Turizm Assosiasiyasının, yerli turizm müəssisələrinin və arıçılıq təsərrüfatlarının nümayəndələri iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov kənd təsərrüfatının inkişafının ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olduğunu, arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayıb. O bildirib ki, 2015-ci il - “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilmiş tədbirlər aqrar sektorun, o cümlədən arıçılığın inkişafına öz töhfəsini verəcək, keyfiyyətli arıçılıq məhsullarının istehsalının artmasına və ixracına imkan yaradacaq.

Nazir müavini diqqətə çatdırıb ki, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş əvvəlki dövlət proqramlarında arıçılığın inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilib: “Həmçinin, əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da arıçılığın inkişafı, balın emalı və qablaşdırılmasının dəstəklənməsi ilə bağlı tədbirlərin icrası istiqamətində əhəmiyyətli işlər görülür”.

Sahib Məmmədov bugünkü tədbirin yerli arıçılıq məhsullarının təşviqi və dəstəklənməsi sahəsində əhəmiyyətini vurğulayıb, belə tədbirlərin regionlarda da təşkil olunacağını qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abduləliyev aqrar sahədə görülən işlər və nailiyyətlər, ölkədə arıçılığın inkişafı, o cümlədən damazlıq işinin təşkili ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bəxtiyar Qılıncov və Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov son illər Azərbaycanda turizm sənayesinin sürətlə inkişaf etdiyini, ölkəmizə gələn turistlərin sayının artdığını, arıçılıq məhsullarının satışının təşkili və sərgilənməsində turizm müəssisələrində əlverişli imkanların olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev və sahibkarlar arıçılıq sahəsindəki mövcud vəziyyət, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, arıçılığın daha da inkişaf etdirilməsi üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması və marketinqi ilə bağlı müasir yanaşmanın tətbiqinin, arıçıların bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd etmiş, bu kimi tədbirlərin yerli arıçılıq məhsullarının tanıdılmasına, alıcılarla əlaqələrin qurulmasına, o cümlədən arıçıların turizm müəssisələri ilə əməkdaşlığının daha da genişlənməsinə təkan verəcəyini bildiriblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, bal məhsullarının beynəlxalq standartlara uyğun qablaşdırılması, təşviqi və satışı imkanlarının genişləndirilməsi istiqamətində təkliflər səsləndirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər