Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı tədbir keçirilib.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə keçən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin bölgələrdəki nümayəndələri, QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, iştirak ediblər.
Allahşükür Paşazadə tədbirin əvvəlində İdarənin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, ona qiymətli hədiyyə verib.
Sonra Şeyxülislam QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, Azərbaycanda əhalinin 30 faizə qədəri sünni, 60 faizdən çoxu şiədir. Bu faiz nisbətinə baxmayaraq, təqvim hər iki təriqətin nümayəndələrinin birgə məsləhəti ilə yerli coğrafiyaya uyğun hazırlanıb.
Onun sözlərinə görə, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən olduqca vacib məsələdir: “Ölkəmizin ərazisində elmi şəkildə əsaslandırılmış, yerləşdiyimiz coğrafi məkana uyğun şəkildə, hər bir bölgəmizi nəzərə almaqla azan, namaz, dini bayramların vaxtlarının müəyyən edilərək dindarlara çatdırılması dini mərkəz kimi bizim üçün olduqca əhəmiyyətli məsələdir. Ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir”.
QMİ sədri bildirib ki, yaxın günlərdə qurum daxilində Etika komissiyası yaradılacaq.
Şeyxülislam bildirib ki, axundlar moizələr oxuyan zaman QMİ tərəfindən paylanan moizələrdən istifadə edilsin.
QMİ sədri əlavə edib ki, axundların davranışlarının, eləcə də yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlı QMİ-də Etika komissiyası yaradılacaq.
Komissiyanın tərkibi yaxın günlərdə formalşdırılaraq ictimaiyyətə məlumat veriləcək.
Allahşükür Paşazadə bildirib ki, din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir.
O deyib ki, məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq qaydada cəzalandırılacaqlar.
QMİ sədri, həmçinin bildirib ki, din xadimlərinin təkmilləşdirmə kursları Məhərrəm ayından sonra fəaliyyətini davam etdirəcək.