18 Fevral 2016 18:13
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanın islamaqədərki tarixi: Alban abidələri” mövzusunda elmi konfrans və fotosərgi keçirilib.

Konfrans BSU və Azərbaycan Milli QHT Forumunun (MQF) birgə təşkilatçılığı ilə baş tutub. Milli Məclisin üzvləri, QHT və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə BSU-nun rektoru Asif Hacıyev qədim Alban abidələrinin əcdadlarımızın dini inanclarının rəmzi abidəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın bəşər mədəniyyətinin mərkəzlərindən biri olaraq müxtəlif çalarlı mədəni dəyərlərə sahib olduğunu deyib. Ölkəmizin ərazisində tarixin müxtəlif dövrlərinə aid yüzlərlə maddi-mədəniyyət abidələrinin mövcudluğunu qeyd edib: “Müxtəlif xalqlara və etnik qruplara məxsus tarixi abidələrin və dini ənənələrin qədim dövrlərdən bəri birgə öyrənilməsi multikulturalizmin Azərbaycanda əsrlər boyu mövcudluğunun nişanəsidir. Azərbaycanda yaşayan fərqli məzhəblərə aid olan xalqlar arasında dini zəmində gərginliyin yaşanmaması dünya ölkələri üçün vacib örnəkdir”.

MQF-in rəhbəri Rauf Zeyni çıxışında bildirib ki, tarixi abidələrin araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin tarixi abidələr, Alban abidələrinin araşdırılması, Azərbaycanın islamaqədərki tarixi istiqamətində irəli sürdüyü fikirləri dəstəkləməyə hər zaman hazırdır: “Azərbaycan ərazisində əsrlər boyu hökm sürən gerçəklikləri, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bu ölkədə və dünyada yaşayan hər bir Azərbaycan vətəndaşının borcudur”.

Millət vəkili Musa Qasımlı konfransın mahiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb. Deyib ki, tədbirin Bakı Slavyan Universitetində təşkili gənclərin Azərbaycan tarixinin dərin köklərini, burada yaşayan əcdadların kimliyi və milli məsubiyyətini daha dəqiq bilmələri üçün əhəmiyyətlidir.

“Multikulturalizm dövlət siyasətinin əsasını təşkil edir!” deyən millət vəkili bu siyasətin Azərbaycan xalqının tarixi ənənəsindən və təbiətindən gəldiyini vurğulayıb.

Konfrans çərçivəsində BSU-da fotomüxbir Kərəm Nəbiyevin qədim Alban abidələrini əks etdirən fotolarından ibarət sərgisinə baxış keçirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər