12 Aprel 2016 18:41
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclasında “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” adlı elmi məruzə ilə çıxış edib.

Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, dörd kitabdan ibarət üç cildlik “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” sənədlər toplusu, “Azərbaycan xalçaları: İrəvan, Qarabağ, Naxçıvan qrupları”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İlham Əliyev və Azərbaycan tarix elmi” və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirib.

Y.Mahmudov bildirib ki, Azərbaycan tarixini ilk mənbələrdən öyrənmək məqsədi ilə Tarix İnstitutunda yeni bir layihəni – “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoyublar: “Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir”.

“Ölkə başçısının göstərişi ilə 2009-cu ilin yanvarında Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı”, – deyə Y.Mahmudov qeyd edib.

Tarixçi-alim çıxışında vurğulayıb ki, Tarix İnstitutu AMEA Rəyasət Heyəti və Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımlarına həsr olunmuş 3 beynəlxalq elmi konfrans həyata keçirib: “III Beynəlxalq soyqırımları elmi konfransı bu günlərdə Şamaxıda keçirilib. Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış ediblər”.

Məruzə ətrafında akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nərgiz Axundova, İlyas Babayev, Şahbaz Muradov, professor Nazim İmanov və başqaları çıxış edib, Tarix İnstitutunda son illərdə görülən işləri yüksək qiymətləndirərək, tövsiyələrini səsləndiriblər.

Səxavət


Müəllif: