Ucar rayonunun Boyat kənd sakini Rüstəm Yolçu oğlu Məhərrəmov sabiq müdafiə və daxili işlər naziri, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyevdən şikayətçidir.
R.Məhərrəmov bildirir ki, 2009-cu ildə hərbi xidmətdən tərxis olub, rayonda iş tapa bilmədiyi üçün Bakıya gəlib və həmin vaxtdan T.Əliyevin Fatmayıda yerləşən bağında qalıb işləməyə başlayıb. Onun sözlərinə görə, bu müddətdə həm bağa baxıb, lazım olan bütün işləri görüb, həm də yaxınlıqdakı evlərdə fəhləlik edib: “Təxminən 6 il bu şəkildə Tahir Əliyevin bağında çalışdım. Nəhayət, 2015-ci ildə ailə qurdum və artıq ailəvi şəkildə bağda yaşamağa imkan olmadığını görüb, Tahir Əliyevə həyat yoldaşımın yaşadığı kəndə köçmək istədiyimi bildirdim O, mənə dedi ki, sənin mənə borcun var və buna görə də səni heç yerə buraxmıram. Mən borc sözünü eşidəndə təəccübləndim.
Axı 6 il müddətində gördüyüm işlərə görə mən ondan heç bir muzd almamışdım. Sadəcə olaraq pulum olmayan vaxtlarda 5-10 manat xərclik istəmişdim. Sən demə, T.Əliyev bunların hamısını dəftər-kitaba vururmuş. Beləliklə, o, bir dəftər gətirib haqq-hesab elədi və dedi ki, sənin 6 il ərzində düz 840 manat borcun yaranıb. Mən cavabında altı il ərzində onun üçün işlədiyimi, bağına baxdığımı dedim. O, heç nə eşitmək istəmədi. “Əvvəl həmin pulları gətir qaytar, sonra danışarıq” dedi. Onu da qeyd edim ki, T.Əliyev mənim şəxsiyyət vəsiqəmi və hərbi biletimi də alıb saxlamışdı.
Mən ona pulum olmadığını və neçə illər məhz onun bağında işlədiyimi, ondan pul almadığımı deyəndə o, bərk əsəbləşdi və “get boşan, təzədən qayıt gəl bağda borcunun əvəzinə işlə”, dedi. Mən bunun mümkünsüz olduğunu bildirəndə o, dedi ki, onda nə şəxsiyyət vəsiqəsi, nə də hərbi biletini görəcəksən. Mən işin belə qəlizləşdiyini görəndə təzədən qeydiyyatda olduğum Ucar rayonuna qayıdıb, əvvəlki şəxsiyyət vəsiqəmi itirdiyimi və yenisini almaq istədiyimi dedim. Sən demə, T.Əliyev məndən qabaq ora zəng edib, mənə şəxsiyyət vəsiqəsi verilməməsini, şəxsiyyət vəsiqəmin onda olduğunu bildiribmiş.
Buna görə Ucar rayon pasport-masa idarəsində mənə yenidən Tahir Əliyevə müraciət etməyi məsləhət gördülər. Tahir Əliyev isə iki ayağını bir başmağa dirəyib, məndən həyat yoldaşımı boşayıb, təzədən onun bağına qayıdaraq nökərçilik etməyi tələb edir. Belə ədalətsizlik olarmı? Mən vətən qarşısında borcumu şərəflə yerinə yetirmiş, yenicə ailə qurmuş bir gəncəm, Tahir Əliyev mənim taleyimlə oynayır. Məgər Azərbaycanda quldarlıq quruluşudur, Tahir Əliyev də quldar? Xahiş edirəm mənə kömək edin!”
Şikayətçinin qeyd etdiyi məqamlara aydınlıq gətirmək üçün T.Əliyevlə əlaqə saxladıq. Sabiq nazir R.Məhərrəmovun ona 840 deyil, az qala 1000 manat borcunun olduğunu bildirib.
T.Əliyev qeyd edib ki, R.Məhərrəmovun onun bağında işləməsi də yalandır: “Orda-burda, yəni harda iş olubsa, orda da işləyib. Biz bağda çox olmuruq, ayda-ildə bir dəfə gedirik. Rüstəm məndən pul alıb, daha sonra çıxıb gedib. Biz onun özünü tapa bilmədik. Ucarda yaşayan qardaşı ilə danışdıq. Bəlkə, 50 dəfə Rüstəmin qardaşı və qayınatası ilə danışmışam, demişəm ki, gəlsin sənədlərini götürsün. O da deyir, pulum yoxdu ki, gəlib sənədimi götürəm. Pulunu gətirsin, sənədini götürsün. Ucarın hüquq-mühafizə orqanlarına da xəbər vermişəm ki, onu tapın, gəlsin pulunu qaytarsın, sənədini götürüb getsin. Hətta sonradan Rüstəmin qardaşına və Ucarın hüquq-mühafizə orqanlarına bildirmişəm ki, gəlib pulsuz götürsün. Bu da deyib, yox, pulu gətirdikdən sonra sənədlərimi götürəcəm”.
T.Əliyev R.Məhərrəmovun bağda yaşamağa başladığı gündən sənədlərinin onda olduğunu bildirib: “Şəxsiyyət vəsiqəsini qoyub, borc götürüb, qaçıb çıxıb gedib. Söhbət bundan gedir. Özü gətirib 4-5 il əvvəl sənədlərini qoyub bağa. Bu məsələdə Rüstəmi kimsə öyrədib. O necə yaza bilər?! Hərfləri belə tanımır. Qohumları olan jurnalistə yazdırıb. Mən də dedim, qardaş borcunu qaytar, sənədlərini götür. Borcun var, gətir camaatın borcunu qaytar da...”
Keçmiş nazir şikayətçinin şəxsi həyatının onu maraqlandırmadığını da vurğulayıb: “Nəyimə lazımdır ki, kiminlə evlənib, kiminlə boşanıb?!”
Səxavət HƏMİD