Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu istehsalatda bədbəxt hadisə zamanı əmək xəsarəti aldığı halda, ödəncinin verilməməsindən şikayətlənir. Məsələ ilə bağlı daha geniş məlumat almaq üçün M.Məmmədovun özü ilə görüşüb söhbətləşdik.
“Sağlamlığımı 60 faiz itirdim”
Həmsöhbətimiz bildirir ki, 1990-cı ildə “Azəryolservis” ASC-in Gədəbəy Rayon 5 saylı Körpü Tikinti İdarəsində sürücü işləyib. 1992-ci ildə Gədəbəy İcra Hakimiyyətinin sərəncamı ilə (12.08.1992-ci il tarixli, 0855296 saylı Yol vərəqi) Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəyin Qaradağ kəndində avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib. Sol bud hissəsinin üçdə bir hissəsinin sınığı və iki diz qapaqlarının sınığı ilə dörd ay Şəmkir Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində müalicə alıb. Əlavə iki ay Şəmkirin Kür qəsəbə xəsrəxanasında müalicə alıb. 29 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının Müayinə Aktından çəxarışa əsasən 1993-cü ilin aprel ayında ona əmək qabiliyyətini 60 faiz itirməklə 3-cü qrup əlillik dərəcəsi verilib. Bu əmək xəsarəti ilə əlaqədar ona 1993-cü ildə əmək pensiyası təmin edilib. Üstəlik, 1996-cı ilin dekabr ayına qədər Gədəbəy Rayon 5 saylı Körpü Tikinti İdarəsi tərəfindən M.Məmmədova əmək xəsarəti və əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar orta əmək haqqının 60 faiz məbləğində aylıq ödənc ödənilib.
M.Məmmədov bildirir ki, “Azəryolservis” ASC-in əmri ilə 1997-ci ildə Gədəbəy Rayon 5 saylı Körpü Tikinti İdarəsi Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsinə birləşdirilib. Həmin vaxtdan etibarən vətəndaşa aylıq ödəncin verilməsi dayandırılıb.
Tikinti İdarəsinin nümayəndəsi: “Sənəd saxtadır”
Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsi M.Məmmədova verilən aktın qanunsuz hesab edilməsi üçün Gədəbəy rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə iddianı təmin etməyib. Bununla belə idarə yenə də ödənci verməkdən imtina edib.
İdarənin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu məsələ ilə bağlı qeyd edib ki, M.Məmmədovun əldə etdiyi sənədlər saxtadır: “Qəza ilə bağlı polisin aktı yoxdur. 5 nömrəli Körpü Tikinti Sahəsinin tərtib etdiyi akt nömrəsiz, qeydiyyatsızdır və təsdiq edilməyib. Qeyd olunan qəza hadisəsi ilə bağlı hüquqi müstəvidə istintaq işi aparılmayıb. Yalnız həkim rəyi əsasında sənəd əldə edib və buna görə də pensiya alır. Onun vəzifəsini yerinə yetirərkən xəsarət alması sübut edilməyib”.
İ.Tomiyev bildirir ki, vətəndaş qanunsuz yollarla sənəd əldə edib və qeyri-qanuni olaraq üç il müddətinə işlədiyi yerdən ödənc alıb.
M.Məmmədov isə iddialara cavab olaraq bildirir ki, əgər sənədləri qanunsuz olubsa nə üçün İdarə ona üç il müddətinə ödənc edib: “İsak Tomiyev iddia edir ki, əmək fəaliyyətimi yerinə yetirərkən keçirdiyim qəza ilə bağlı polisə, prokurorluğa müraciət etməmişəm. O, unudur ki, qəza cəbhə bölgəsində, silah-sursat daşıyarkən olub. 1992-ci ildə cəbhə bölgəsində gərginlik idi və orada prokurorluğun, polisin fəaliyyətindən söhbət gedə bilməzdi. Mənim Ağdam rayonundan Gədəbəy rayonunun Şınıx bölgəsinə və Başkəndə silah-sursat apararkən Qaradağ ərazisində avtomobil qəzasına düşməyimi iş yoldaşlarım və digər şahidlər də təsdiq edirlər”.
M.Məmmədov 2014-cü ildə idarədən ona verilməli olan ödəncin icra edilməsi üçün məhkəməyə müraciət edib. Amma məhkəmə iddia müddətinin ötdüyünü əsas gətirərək şikayəti təmin etməyib.
Hüquqşünas: “Vətəndaşa verilən akt tamamilə qanuni olub”
Şikayətçinin hüquqi nümayəndəsi Azər Quluyev hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən M.Məmmədova dəyən zərər ödənilməlidir: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. 1992-ci ildə qüvvədə olmuş Əmək Məcəlləsinin 171 və 172-ci maddələrinə əsasən müəssisə, idarə və təşkilatlar həmkarlar ittifaqları ilə birlikdə baş vermiş bədbəxt hadisəni təhqiq etməyə və uçota almağa borcludurlar və onlar əmək xəsarəti ilə əlaqədar sağlamlıqları pozulmuş işçilərə görə maddi məsuliyyət daşıyırlar. Məhkəmə sənədlərindən də görünür ki, M.Məmmədovun işlədiyi Körpü Tikinti İdarəsi və Həmkarlar İttifaqları Təşkilatı “İstehsalatda Bədbəxt Hadisə Hakkında Akt” tərtib etməklə qəza hadisəsini qeydə alıb və zərərçəkənə 1993-96-cı illər ərazində əmək xəsarətilə əlaqədar aylıq ödənc ödənilib. M.Məmmədovun xəsarət aldığını DSMF-nin Gədəbəy Rayon Şöbəsi də təsdiq edib. DSMF-dən verilən arayışda qeyd olunur ki, Məmmədov 10.04.1993-cü ildən müddətsiz əmək əlili kimi pensiya alır”.
A.Quliyev bildirir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir: “Hadisə baş verən dövrdə və hazırda qüvvədə olan İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı və uçota alınması Qaydalarının uyğun maddələrinə əsasən əmək vəzifələrini yerinə yetirərkən, o cümlədən ezamiyyət zamanı, həmçinin müdriyyətin, müəssisənin tapşırığı olmadan hər hansı bir fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması təhqiq edilməli və uçota alınmalıdır. Hazırda qvvədə olan İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı və uçota alınması Qaydalarının 1.2-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə işçilərin səhhətinin pozulması təhqiq edilməli və uçota alınmalıdır. Məhərrəm Məmmədov da məhz qanunvericilkdə göstərilən qaydada əmək vəzifələrini yerinə yetirərkən xüsusi tapşırığa göndərilib. O, dövlət vəzifələrini yerinə yetirərkən xəsarət alıb və bu, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “İstehsalatda Bədbəxt Hadisə Haqqında Akt” ilə rəsmiləşdirilib. Qanunvericilikdə, xüsusi ilə, qeyd olunur ki, vətəndaşın hüquqi vəziyyətini pisləşdirən mülki iddiaların geriyə qüvvəsi yoxdur. Yox, əgər mülki iddia vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdırırsa, bu halda iddianın geriyə qüvvəsi var. Təəssüf ki, məhkəmələr qanunun bu tələbinə əməl etmirlər”.
Qanun nə deyir? Oxşar nümunələr
Qeyd olunan mübahisə üzrə oxşar nümunələr də göstərir ki, idarə vətəndaşa verilməli olan ödənci yerinə yetirməlidir.
Məsələn, “Azneft” istehsalat Birliyinin 03.10.2013-cü il tarixli məktubuna cavab olaraq Prezident Administrasiyası “Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevin məktubunda yazılır ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin 3-cü bəndinə əsasən istehsalat qəzası zamanı xəsarət alan şəxsə ödənclərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalarla tətbiq edilir. Məcəllənin tətbiqi zamanı əmək müqaviləsi tərəflərinin məsuliyyətə cəlb edilməsini istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə tətbiq edilməsinə yol verilir.
ARDNŞ-in işçisi Ş.Muradovun əmək xəsarəti ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək siyasəti şöbəsinin müdiri T.Babayeva belə cavab verib: “Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya onu yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa hüquqi aktların geriyə qüvvəsi şamil edilmir”.
Nəhayət Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Mülki Məcəllənin 373-cü maddəsinin şərhində qeyd olunur. Qeyd olunan maddədə göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquqi münasibətlərindən irəli gələn tələblərə şamil edilir. Qərara əsasən Mülki Məcəllənin 7.1 maddəsinə əsasən, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Avropa hüququ nə deyir?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasınının sədri Sahib Məmmədov bildirir ki, Avropa hüquq sistemində də fiziki və hüquqi şəxsin hüquqi vəziyyətini pisləşdirən, hüquqi məsuliyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur: “Avropa İnsan Haqları Məhkəməsi bu hüququn pozulması ilə müşahidə olunan işlər üzrə bir qayda olaraq vətəndaşların xeyrinə qərar çıxarıb. Azərbaycanda pul iddiaları ilə bağlı müddət nəzərdə tutulsa da, əmlakla bağlı iddialar müddətsiz hesab edilir. Çox güman ki, məhkəmə Məhərrəm Məmmədovun maliyyə iddiasını müddəti keçdiyi üçün qəbul etməyib. Halbu ki, mülki iddia olaraq məsələyə baxıla bilərdi. Azərbaycan Avropa Sosial Xartiyasına qoşulmuş ölkə olaraq Əmək qanunvericiliyi ilə bağlı beynəlxalq standartları əsas götürməlidir. Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə Azərbaycan prezidentinin imzaladığı sərəncamda qeyd olunur ki, əmək qanunvericiliyinin demokratik prinsiplərə uyğun əmək münasibətləri şəraitində tətbiqi bir sıra məsələlərin həllini tələb edir. Bu da əməyin mühafizəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, istehsalatda bədbəxt hadisələrdən işçilərin sığorta edilməsinin yeni mexanizminin yaradılması və s. bu kimi müasir problemlərin həll edilməsi zərurətini yaradır”.
S.Məmmədov qeyd edir ki, vətəndaşlar işlədikləri müəssisələrin rəhbərliyindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını tələb etməlidirlər. Çünki gələcəkdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə ola biləcək məhkəmə işlərinin kökündə məhz icbari sığorta müqaviləsi dayanacaq.
Dövlət Əmək Müfəttişliyi Xidməti: “Vətəndaşa kömək etməyə hazırıq”
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri İlqar Məmmədov qeyd etdi ki, 1996-cı ilə qədər istehsalatda bədbəxt hadisələr Həmkarlar Konfederasiyası tərəfindən araşdırılıb: “Amma Məhərrəm Məmmədov bizə müraciət eləsə biz onun problemini araşdıra bilərik. Vətəndaş bizə müraciət etsə, Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq ona verilməli olan ödəncin ödənilməsi üçün müvafiq köməklik göstərə bilərik”.
İ.Məmmədov onu da bildirdi ki, 2016-cı ilin ilk yarısında istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha azdır: “İstehsalatda ən böyük faciəmiz keçən ilin sonlarında oldu. Neft yatağındakı fəlakət nəticəsində ölən və itkin düşənlərimiz oldu. Bu il rəqəmlər azdır. Xüsusilə də, ölüm hadisəsi çox azdır. İstehsalatda bədbəxt hadisələr barədə bizə həm işə götürən təşkilatlar, işçilər, hüquq mühafizə orqanları, həm də tibb müəssisələri tərəfindən məlumat daxil olur. Həmin məlumatlar əsasında araşdırma aparılır. Hadisənin həqiqətən də istehsalatda baş verdiyi müəyyən ediləndən sonra Əmək Müfəttişliyində müvafiq komissiya yaradılır və həmin hadisənin təhqiqatı aparılır”.
Əsəd Mirzəliyev: “İşə baxmadan fikir bildirmək çətindir”
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev hesab edir ki, əgər “İstehsalatda Bədbəxt Hadisə Haqqında Akt” qanuni yolla qəbul olunubsa, idarənin nəzərdə tutulan ödənci verməkdən imtina etməsi mümkün deyil: “Belə məlum olur ki, “Azəryolservis” ASC-in Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsi Gədəbəy Rayon 5 saylı Körpü Tikinti İdarəsinin hüquqi varisidir. Hüquqi varisin ödənci verməkdən imtinası qanunsuzdur. Əgər İdarə hesab edirsə ki, “İstehsalatda Bədbəxt Hadisə Hakkında Akt” qanunsuz olub, bunu araşdırmaq lazımdır. Aktı tərtib edən şəxsləri məhkəməyə cəlb etmək lazımdır. Qeyd etdiyiniz halda aktı vətəndaşa idarə rəhbərliyi və onun nəzdindəki həmkarlar təşkilatı verməli idi. Akt qanuni qəbul olunubsa vətəndaş məhkəmədə qalib gələcək. Hələ ki, bizə bununla bağlı məhkəmə işi daxil olmayıb. Daxil olarsa araşdırıb qanuni qərar qəbul edəcəyik”.
Ə.Mirzəliyev onu da bildirdi ki, istehsalatda bədbəxt hadisələrlə bağlı məhkəmə mübahisələri adətən aşağı instansiyalarda həll olunur: “Sayları az olduğu üçün Ali Məhkəmədə bu işlərlə bağlı ümumiləşmə, geniş təhlillər aparılmır”.
Ümid sonda ölür
Gədəbəy sakini Məhərrəm Məmmədov hüquqi müstəvidə mübarizəsini davam etdirir. O, Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsindən həm aylıq ödəncini, həm də maddi və mənəvi zərərin ödənilməsi üçün iddia qaldırıb. Məhkəmə instansiyaları iddia müddətinin keçdiyini əsas gətirərək onun iddiasını təmin etmədiyi üçün qərardan Apellyasiya Məhkəsinə şikayət edilib. Həmsöhbətimiz ümid edir ki, yuxarı məhkəmə instansiyası onun hüquqlarını təmin edəcək.
Ruslan Xəlil
Yazı "İnternyus Azərbaycana"nın elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb