28 İyun 2016 15:27
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində öldürülən şəxslərin 10 yaşlı qızları Fidan Əbilhəsənova ifadə verib. O hadisə baş verən günü atası və anasının öldürülməsindən danışıb: “Həmin gün anama zəng gəlirdi, ad günü qurtarmışdı. Anamsa zəngləri qəbul eləmirdi, sonra zənglər nənəm Xanımbacıya gəldi. Anam məni də, nənəmi də otaqdan çıxardı. Dedi, siz gedin. Bir müddətdən sonra Fədai əmi gəlib, anamın otağına girdi. Sonra atam məni yuxarı qaldıranda Fədai atamı öldürdü. Mən qorxudan anamın otağına qaçdım. Gördüm, anam da ölüb”.
Daha sonra şahid qismində evin qulluqçusu Kifayət Əliyeva, Şaxı Əbilova ifadə veriblər. Onlar ifadəsində bildiriblər ki, Fədai Hüseynovun ailə ilə çox yaxşı münasibəti olub, evə gəlib-gedən adam olub.

Məhkəmə prosesi iyulun 5-də davam edəcək.

İttihama görə, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib.

Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı Fədai Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan Fədai Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə yaranıb.

Mübahisə zəminində o, Vəfadar Həsənovu kəsici, onun həyat yoldaşı Vəsiləni isə odlu silahla qətlə yetirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər