4 İyul 2016 16:07
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək.

Bu barədə Teleqraf.com-a Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Vəkil qeyd edib ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib: “Biz bu hökmü əsassız hesab edirik. Buna görə də apelyasiya şikayəti hazırlamışıq. Apelyasiya şikayətində Vəli Ələsgərovun barəsində bəraət hökmünün çıxarılması məsələsini qaldırmışıq”.

Vüqar Xasayev bildirib ki, apelyasiya şikayətini iyulun 8-də məhkəməyə təqdim edəcək: “Vəli Ələsgərova dövlət əmlakını talama, qulluq mövqeyindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və başqa şəxsi dinləmə ittihamı verilib. Biz bu ittihamların heç biri ilə razı deyilik”.

İyunun 24-də Vəli Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesi əvvəldən axıradək qapalı keçirilib.

Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: