15 İyul 2016 18:24
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Marfin Vladimir elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləməyib, heç bir döyüşlərdə iştirak eləmədiyini bildirib.

Marfin Vladimir qeyd edib ki, Milli Qvardiyanın zabiti olub: “Əvvəllər məhkum olmuşam. Suriyada isə 6 ay qalmışam”.

“İftardan sonra Suriyada baş verənləri müzakirə etdik”

Marfin Vladimirin ibtidai istintaqa ifadəsi açıqlanıb. O, ibtidai istintaqa bildirib ki, 2013-cü ilin Ramazan ayı yaxınlaşanda ətrafında həmfikirləri olmadığı üçün Bakı şəhərinə getmək qərarına gəlib: “Cəza müəssəsəsində tanış olduğum İlqarla danışdım. Ona Ramazan bayramını birlikdə keçirməyi təklif etdim. İlqar razılaşdı. Lakin sonra mənə Ramazan bayramını Vüqarla keçirə biləcəyimi dedi. Mən də etiraz etmədim. Bundan sonra Vüqarın yaşadığı Hövsan qəsəbəsinə gəldim. Bir ay Vüqarın evində oruc tutdum.

Ramazan ayının təxmininə 12-ci günündə Vüqarın evinə qardaşlar gəldi. Onlardan birinin adının Mənsur olduğunu bildim. İftardan sonra Suriyada gedən prosesləri müzakirə etdik. Daha sonra Mənsur məni bayırda söhbət etməyə çağırdı. Söhbət əsnasında məndən Suriyaya getmək istəyib-istəmədiyimi soruşdu. Suriyaya getmək arzumun olduğunu, lakin pulumun olmadığını bildirdim. Mənsur bir az da fikrimi dəqiqləşdirməyimi istədi. Ona Suriyaya getmək fikrimin dəqiq olduğunu bildirdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gündən sonra Mansur Hamlet adlı dostu ilə gəlib: “Mansur Suriyaya getmək fikrimlə bağlı məndən yenə də soruşdu. Ona fikrimin qəti olduğunu söylədim. Mansur avqustun 10-da Suriyaya yola salınacağımı dedi. Bileti alacağını, avqustun 10-na kimi işləri yekunlaşdırmalı olduğumu söylədi.

Məni Şəmkir rayonu ərazisindən keçəndə avtobusla götürəcəklərini bildirdi”.

“Bizi azərbaycanlılar yaşayan qərargaha gətirdi”

Marfin Vladimir bildirib ki, avqustun 10-da Şəmkir avtovağzalında İstanbul şəhərinə gedən avtobusa minib: “Avtobusda Mansurla görüşdüm, birlikdə İstanbula getdik. İstanbula çatandan sonra Kaynariya stansiyasına yollandıq. Orada bizi bir nəfər kürd milliyyətindən olan, hazırda adını xatırlamadığım şəxs qarşıladı və evinə apardı. Növbəti gün mehmanxanaya getdik. Iki gün mehmanxanada qaldıqdan sonra Mansur Reyhanlı qəsəbəsinə getməyimiz üçün bilet aldı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 17-də Reyhanlı qəsəbəsinə gediblər. Reyhanlıda onları Həsən adlı şəxs qarşılayıb: “Həsənin evində təxminən iki saata yaxın olduq. Ev Türkiyə-Suriya sərhədində yerləşirdi. Həsən sərhədin boş olduğunu görərək bizi sərhədə tərəf qaçmağı tapşırdı. Təxminən 300 metr qaçdıqdan sonra qarşıdakı təpəyə çıxdıq. Oradan Suriyanın Atma şəhərini gördük. Atmada Mansur kiməsə zəng etdi və bir neçə dəqiqədən sonra arxamızca maşın gəldi. Maşının sürücüsü sumqayıtlı İslam olduğunu bildim. O, bizi azərbaycanlıların yaşadığı Atma kəndinin yüksəkliyində yerləşən qərərgaha gətirdi”.

Marfin Vladimir bildirib ki, bir neçə saatdan sonra Azərbaycan camaatının rəhbəri Xalid adlı şəxs gəlib və həmin şəxsin yanında Abu Yəhya adlı azərbaycanlı da olub: “20 gün azərbaycanlıların olduğu qərargahda qaldım. Orada qaldığım müddətdə Xalidə biyət etmədim. Həmçinin hərbi təlimlərdə də olmamışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabr ayının axırlarında Mansur ona gedəcəyini deyib: “Mansurdan gedəcəyimiz yeri soruşdum, cavabında bildirdi ki, gedəndə biləcəksən. Növbəti gün Mansurla Babalhava keçid məntəqəsinə getdik. Orada bizdən də başqa adamların olduğunu bildim. Bundan sonra biz Türkmən dağına, daha sonra Rabbiya qəsəbəsinə getdik, oranın əmiri ilə görüşdük.

Söhbəti Mansurla Abu Musa apardı. Yolda qayıdarkən Abu Musa mənə çay kənarını göstərərək orada hərbi şəhərciyin qurulması barədə məsləhət istədi. Orada hərbi şəhərcik qurmağın məsləhət olmadığını bildirdim. Bombardman zamanı həmin yeri vurmağın çox asan olacağın dedim”.

“Bizimlə Əl-Bağdadiyə biyət etmək barədə danışıqlar apardılar”

Marfin Vladimir bildirib ki, noyabrın 20-də Abu Musa Hələb şəhərinin cənubunda Bəşər Əsəd rejiminə qarşı vuruşan “Ceyşul-Hur” ordusunun döyüşünə qatılacağını bildirib: “Həmin vaxt Abu Musa özü ilə 10 nəfər seçərək özü ilə apardı. Amma mən həmin döyüşə getmədim. Abu Musa döyüşdən qayıdandan sonra Mansur məni Hələbin şimalında yerləşən Xreytan şəhərinə apardı. Dekabr ayının ortalarında Mansurla birlikdə Xalidin yanına getdik. Orada bizimlə Əl-Bağdadiyə biyət etmək barədə danışıqlar apardılar. Biz bunu eşitdiyikdə Mansurla birlikdə oranı tərk etdik. Çünki İŞİD-ə biyət etmək fikrimiz olmadığını bildirmişdik”.


Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Mansur Azərbaycana qayıtmaq fikirinə düşüb: “Mansur 2014-cü ilin yanvarın əvvəllərində Azərbaycana qayıtdı. Mən isə Xreytanda fitnə olması səbəbindən həmin vaxt “Ceyşül-Hur” ordusunun nəzarətində olan Hələb şəhərinə köçdüm. Orada Bəşər Əsəd rejiminə qarşı döyüşən və təxminən 300-ə yaxın döyüşçüsü olan ordunun rəhbəri Abu Ubeyda adlı şəxslə maraqlandım. Ondan görcəyim bir iş istədim. Abu Ubeyda mənə Türkiyə-Suriya sərhədindən yardımları daşımağı tapşırdı”.

“Təlimatları oxuyaraq başa salmışam”

Marfin Vladimir qeyd edib ki, Abu Ubeydanın dəstəsində olduğu müddətdə xeyli sayda hərbi avadanlıq ələ keçiriblər: “Lakin həmin dəstənin üzvlərinin çoxu cihazlardan istifadə edə bilmirdilər. Bir dəfə dəstənin adını bilmədiyim üzvü məni zenit arterilliyasının gecə görmə və məsafə ölçmə cihazları olan anbara apardı. Həmin texnikanın sənədləri rus dilində idi və dəstə üzvləri həmin təlimatları oxuya bilmirdilər. Məndən həmin təlimatları oxumağı və onlara başa salmağımı istədilər. Mən də həmin təlimatları bir-bir oxuyaraq Abu Ubeydanın dəstəsinin üzvlərinə başa salmışam”.

Təqsirləndirilən şəxs bildirib ki, yerli əhaliyə də az miqdarda yardım verilib: “Orada Abu Ubeydanın dəstəsində təxminən ay yarım yardım daşıdıqdan sonra Azərbaycana qayıtmaq qərarına gəldim. Bu məqsədlə 2014-cü ilin fevralın 24-də yenidən Atma şəhərinə qayıtdım. Martın 5-də Türkiyəyə keçdim. Bir neçə gün Türkiyədə qaldıqdan sonra Azərbaycana gəldim”.

Digər təqsirləndirilən Rufan Ağcabəyov ifadəsində Suriyada olduğunu təsdiqləsə də, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləməyib: “Suriyada heç bir döyüşlərdə iştirak etməmişəm. Mənim məqsədim Suriyada mühacir kimi yaşamaq olub. Ailəmi də ora aparmaq istəmişəm”.

Məhkəmə iyulun 26-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər