25 Avqust 2016 13:03
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov tərəfindən verilən kasasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.

Teleqraf.com xəbər verir ki, 81 nəfərin milyonlarla pulunu mənimsəyən Zal Yusifovun atası şikayətçidir.

O, Ali Məhkəməyə göndərdiyi şikayətində məhkəmənin qərarı ilə mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini istəyir.

Zakir Yusifov iddia edir ki, “Humay” şadlıq sarayı, villa və qeyri-yaşayış sahələri oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Amma həm ibtidai istintaq orqanı, həm də məhkəmə həmin mülklərin Zal Yusifova aid olmasını sübuta yetirib.

Buna baxmayaraq Zakir Yusifov mülklərdən əl çəkmir. Onun şikayətinə Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq. Məhkəmə baxışı oktyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, Zal Yusifovun ziyan vurduğu vətəndaşlar Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıblar. Onlar müraciətlərində Zakir Yusifovun qanunsuz şikayətlərinə son qoyulmasını, məhkəmədən ziyan çəkən vətəndaşların xeyrinə qərar çıxarılmasını istəyiblər.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər