Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və quldurluqda təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahidlər Nalə Əsədova və LaləTeymurova ifadə veriblər.
Nailə Əsədova bildirib ki, hadəsə vaxtı yaxınlıqda olub: "Bıçaq zədələri almış Aynur Teymurova mənə tərəf gəldi. O qan içində idi. Dedi, məni biçaqlayiblar, öldürmək istəyirlər. Onu bıçaqlayanlardan biri Aynurun oğlu Əmrahın sinif yoldaşı olub. Evə quldurluq üçün giriblərmiş".
Lalə Teymurova isə deyib ki, zərərçəkmiş xanımla qohum olublar.
Qeyd edib ki, Qulunu kənd sakini kimi, Kamranı isə qohumlarının sinif yoldaşı kimi tanıyıb: "Biz hadisə yerinə gəldik. Təcili yardım çağırdıq və Aynuru xəstəxanaya apardıq. Aynur bildirdi ki, hər tərəfim deşik-deşukdi, iki nəfər evə basqın etdi".
Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub. Prokuror çıxış etmək üçün vaxt istəyib.
Proses sentyabrın 30-da davam edəcək.
Hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Ancaq onun həyatını xilas etmək mümkün olub.
Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci polis bölməsi əməkdaşlarının birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.
Qulu Abdullayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və Kamran Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.
Hacı Zeynalov