12 Oktyabr 2016 14:30
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə dələduzluqda ittiham olunan Rauf Sultanovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Rauf Sultanovun vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin 24 may 2016-ci il tarixli ilkin baxış iclasının qərarından şikayət verib: “Məqsəd apelyasiya şikayətinin ilkin baxış iclasında çıxarılan qərarın ləğv edilməsi, apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasıdır.

Bu gün Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinə baxıldı və təmin edilmədi. Biz bu qərardan narazıyıq. Çünki burada Rauf Sultanovun hüquqları kobud şəkildə pozulub. Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti olunduğu üçün Bakı Apelyasiya Məhkəməsi gözləməli idi. Amma hakim Faiq Qasımov ilkin baxış iclasının qərarından verilən kasasiya şikayətinin nəticəsini gözləmədən yekun qərar qəbul edib. Çünki kasasiya şikayəti təmin edilməli, ilkin baxış iclasının qərarı ləğv edilərək iş yenidən apelyasiya instansiyasına qaytarılması üçün qərar verilməli idi”.

Elçin Sadıqov daha sonra qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin yekun qərarından da kasasiya şikayəti verilib. Onun sözlərinə görə, şikayət Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatındadır.

İttihama görə, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.

Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub.

Həmin hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Qeyd edək ki, bundan bir müddət əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər.

Qərara görə, Rauf Sultanovun barəsində olan hökm ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə Rauf Sultanovun cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.

Prokurorluğun protesti və təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər