Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayonunda qətl törətməkdə təqsirli bilinən1989-cu il təvəllüdlü Babək Əzimovn cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu il fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Babək Əzimov tutulub. Ondan mətbəx bıçağı götürülüb.
Babək Əzimov qəsəbədə kafe və mağaza işlədirmiş. Elmir Qulamovun bir müddətmiş Babək Əzimovun mağazasına borcu varmış.
Hadisədən əvvəl Babək Elmirə borclarını ödəməklə bağlı ismarış göndərib. Bu hərəkət Elmirə xoş gəlməyib, o, Babəkin yaşadığı evə gələrək onu bayıra çağırtdırıb.
Babək Əzimov ilkin ifadəsində bildirib ki, Elmiri ipə-sapa yatmayan adam kimi tanıyırmış və buna görə də ondan pulu ehtiyatla istəyib.
Elmir Qulamov isə ona "Məni Giləzidə hamı tanıyır, mənimlə belə danışa bilməzsən, pul söhbəti edə bilməzsən" deyib. Onların arasında münaqişə yaranıb, Elmir Qulamovun onu bıçaqla vuracağını görən Babək Əzimov evdən çıxanda götürdüyü bıçaqla ona zərbə endirib.
Babək Əzimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Babək Əzimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış edib, sonra Babək Əzimov son söz deyib.
Hakim heyəti Babək Əzimovun 12 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Hacı Zeynalov