Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Bu gün keçirilən prosesə Akif Çovdarovun yeni vəkili Şahin Rəfiyevin qoşulduğu elan olunub.
Şahin Rəfiyev məhkəməyə order təqdim edib. Məhkəmə heyəti bununla bağlı məsələni növbəti prosesdə müzakirəyə çıxaracaq.
Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, Akif Çovdarov məhkəməyə yenə həkim nəzarətində gətirilib: “Onun səhhəti həmişəki kimi pisdir, yenə oksigen hava balonundan istifadə edir”.
Proses noyabrın 17-də davam edəcək.
İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov