3 İyul 2014 14:47

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakıdan Rusiyaya getmək Azərbaycan vətəndaşının çantasında narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında əl yükünü X-Ray rentgen aparatına qoyub, gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görünüb.

Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C.E.Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb. Keçirilmiş gömrük baxışı zamanı, ona məxsus çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində "Methadone 5mg" sözləri yazılmış ampulalar aşkar olunub. Aşkar olunan preparatlar qablaşdıralaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulalar şəffaf rəngsiz maye-metadon adlı dərman preparatıdır. Xatırladaq ki, metadon adlı dərman preparatları "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in 2-ci siyahısına daxildir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif:
Загрузка...