Bu gün Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə İlqar Məmmədovun şikayəti təmin edilməyib.
İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər.
Məhkəmə apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İlqar Məmmədov və Tofiq Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.
Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Tofiq Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.
Hacı Zeynalov