13 Fevral 2017 16:36
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov ifadə verib.

Məlumat üçün bildirək ki, o, zərərçəkmiş iş adamı Hüseyn Səfərovun epizodu üzrə ifadə verib. İttihama görə, Vüsal Ələkbırov mütəşəkkil dəstə tərkibində birləşərək, Hüseyn Səfərovu “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbər şəxsləri ilə cinayət əlaqəsinə girməkdə ittiham edib. Hüseyn Səfərovu həbs edən Vüsal Ələkbərov və digər şəxslər ondan azad edilməsi üçün 2 milyon dollar alıblar.

Şahid qismində ifadə verən Əlvan Ələkbərov bildirib ki, Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru rütbəsində xidmət edir.

Onun sözlərinə görə, təqsirləndirilən Vüsal Ələkbərov onun böyük qardaşıdır: “Dəqiq vaxtını xatırlamasam da, 2010 və ya 2011-ci ilin isti aylarından birində işdən evə gəldim. Təxminən saat 21 radələri olardı. Vüsal mənə zəng vurdu və dəniz vağzalının yanına çağırdı. İsti idi, işdən gəlmişdim, həm də yorğun idim. Buna baxmayaraq, böyük qardaşım məni çağırdığı üçün ora getdim.

Maşınımı saxlayandan sonra qardaşımın dediyi kafeyə yollandım. Orada qardaşım 2-3 nəfərlə əyləşmişdi, çay içirdilər. Ləhcələrindən naxçıvanlı olduqlarını başa düşdüm”.

Əlvan Ələkbərov bildirib ki, həmin vaxt sonradan adını Hüseyn bildiyi şəxs orada “Vinçester” silahı Vüsala verib: “Qardaşım əvvəlcə götürmək istəmədi, amma çox üz vurandan sonra silahı götürdü. Sonra birlikdə mənim maşın saxladığım yerə gəldik.

Orada qardaşımdan soruşdum ki, bu nə silahdır, götürübsən? Dedi, üz vurdu götürdüm, apar evdə saxla, özüm yoxlayacam, ov üçün yararlı olsa, istifadə edəcəm. Yenə də dedim ki, bu silah bir qəpiyə dəyməz. Vüsal dedi ki, yoldaşlardır, hörmət edirlər, onlara yaxşılıq etmişəm, götürməsəm, yekaxanalıq kimi çıxacaq.

Bundan sonra qardaşıma bir söz demədim, silahı götürərək, evə getdim. Həmin silahı evdə saxladım”.

Əlvan Ələkbərovun sözlərinə görə, sonradan Vüsal silahı evdən götürüb: “Silahı neynədi, bunun bilməmişəm. Vüsal mənim böyük qardaşımdır, ona bu barədə sorğu-sual etməmişəm. Dəqiq xatırlayıram ki, hadisə 2010-cu ildə baş verib. Qurana da and içə bilərəm, çünki bu hadisə toyumdan sonra baş verib”.

Hüseyn Səfərov şahidin ifadəsinə etiraz edib və bildirib ki, Vüsal Ələkbərov ondan silahı hədə-qorxu yolu ilə alıb. Onun sözlərinə görə, həbs edildiyi zaman evində əməliyyat-axtarış tədbirlər keçirilib: “Həmin vaxt Vüsal Ələkbərov evimdə silahı görüb və həmin silahdan xoşu gəlib. Buna görə məndən silahı tələb edib. Mən də silahı ona verdim ki, başımı ağırtmasın. Silahı Vüsala hədiyə etməmişəm. Özü də Vüsala 2010-cu ildə yox, 2009-cu ildə vermişəm. Həmin dövrdə mənim işim üzrə MTN-də istintaq aparılırdı”.

Əlvan Ələkbərov zərərçəkmişi yalan danışmaqda ittiham edib: “Hüseyn Səfərov həmin vaxt silahı götürməyəndə naxçıvanlı ləhcəsi ilə dedi ki, da bunu qəbul etməsən, bu balaca şəhərdə üz-üzə gəlməyək”.

Şahidin bu hərəkəti Hüseyn Səfərovu hövsələdən çıxarıb: “Hörmətli hakim, şahid burada özünü müstəntiq kimi aparır. Bizim ayağımızın bildiyini bunun başı bilmir, burada naxçıvanlıları təhqir edir. Məndə Quran var, and içsin ki, yalan danışmır. Məndən silahı Vüsal hədə-qorxu yolu ilə alıb”.

Hakim zərərçəkmişi sakitliyə çağırıb, Qurana and içmək üçün əsas olmadığını deyib. Bildirib ki, şahid yalan danışdığı halda məsuliyyət daşıyır.

Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərov silahı ondan götürəndən sonra öz adına keçirib və həmin silahı tapmaq mümkün deyil: “Silah mənim adıma olub. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm, silahın sənədləri tapılmayıb. Burada yalan danışmaq lazım deyil. Nəyimiz var, bunlara vermişik, indi də malımızı istəyirik.

Bu silahı hədiyyə verməmişəm, şahid yalan danışır. Silah söhbəti 2009-cu ildə olub. Vüsal pivəxanada idi, məni çağırdı, silahı istədi. Amma şahid silah söhbətinin 2010-cu ildə baş verdiyini deməkdə məqsədi məsələni yayındırmaqdır. Guya söhbət gedən dövrdə məhkəməm bitibmiş. Halbuki silahı 2009-cu ildə vermişəm, həmin dövrdə də məhkəməm gedib”.


Söz alan Vüsal Ələkbərov bildirib ki, həmin silahı Hüseyn Səfərovdan hədə-qorxu yolu ilə almayıb: “Məni tanıyanlar bilir ki, ov həvəskarıyam. Hüseyn Səfərov da silahı mənə gətirdi, bildirdi ki, mənə hədiyyə edir. Düzdür, qardaşım bu silahın yaxşı olmadığını dedi. Amma dedim ki, apar evə, yoxlayacam, yaxşı olsa, ova apararam. Sonra silahı götürdüm və yoxladım, istifadəyə yararsız olduğu üçün dənizə atdım”.

Vüsal Ələkbərov qeyd edib ki, həmin silahı özündə saxlaması barədə heç bir məsuliyyət daşımır: “Bildiyiniz kimi mən hərbi qulluqçuyam, odlu silah saxlamaq hüququm var. Həmin silah da ov silahı olub, burada hər hansı bir cinayət məsuliyyəti yoxdur”.

Hakim isə deyib ki, qanunsuz silah saxlamaqla bağlı Vüsal Ələkbərova ittiham verilməyib. Onun sözlərinə görə, “Vinçester” silahını saxlamağa görə, İnzibati Xətalar Məcəlləsində məsuliyyət yaranır, cinayət məsuliyyəti yoxdur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər