20 Fevral 2017 20:25
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanliq və sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramin Əhmədov 27 dekabr 2015-ci il tarixdə, saat 22 radələrində taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Zakəddin Güləliyevə məxsus “Opel” markalı avtomaşına əyləşib.

Bir müddət sonra aralarında hər hansı bir əsaslı səbəb olmadan mübahisə yaranıb. Ramin Əhmədov həmin mübahisəyə aydınlıq gətirmək məqsədilə Qusar rayonu İcra Hakimiyyətinin inzibati binasının sol tərəfində olan ara küçədə avtomaşından düşüb.

Ramin Əhmədov taksi sürücüsü ilə yenidən mübahisə edib. Həmin vaxt orda olan Qusar şəhər sakini Ramazan Mahmudov onu sakitləşdirməyə çalışıb. Bu zaman Ramin Əhmədov Ramazan Mahmudovun ağızına yumruq zərbəsi vurub. Daha sonra Ramin Əhmədov Ramazan Mahmudovu yaşadığı ünvana qədər izləyib. Evinin qarşısında Ramazan Mahmudovla yenidən mübahisə edən Ramin Əhmədov ona üç bıçaq zərbəsi vurub.

Ramin Əhmədov Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Qusar rayon Məhkəməsində araşdırılıb.

Məhkəmənin hökmü ilə Ramin Əhmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən onun müdafiəçisi Səyyarə Əliyeva apelyasiya şikayəti verib.

Səyyarə Əliyeva məhkum barəsində çıxarılmış ittiham hökmü ilə razılaşmadığını qeyd edib. O, hökmün dəyişdirilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Hərəkətim taksi sürücüsünün xoşuna gəlmədi”

Məhkəmədə ifadə verən Ramin Əhmədov bildirib ki, dekabrın 27-də, təxminən saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olan, adını sonradan bildiyi Zakəddin Güləliyevə məxsus avtomaşına əyləşmiş və təxminən 200 metr getdikdən sonra Qusar rayon İcra Hakimiyyətinin inzibati binasının sol tərəfində onunla aralarında mübahisə yaranıb: “Həmin vaxt küçədə olan tanımadığı qadını da taksi ilə aparmasını təklif etdim. Bu hərəkətim taksi sürücüsünün xoşuna gəlmədi. Bu səbəbdən də avtomobili yolun sağında saxladı və mənimlə mübahisə etməyə başladı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar mübahisə edərkən oraya adını sonradan bildiyi Ramazan Mahmudov yxınlaşaraq nə baş verdiyini soruşub: “Mən isə həmin şəxsin taksi sürücüsü ilə tanış olduğunu düşündüm və ona mübahisəyə qarışmamasını bildirdim. Bu səbəbdən də onunla da aramızda mübahisə yarandı. Həmin vaxt Ramazan məni itələdi. Mən yerə yıxıldım. Sonra ayağa qalxaraq Ramazana yumruqla bir zərbə vurdum. Daha sonra taksi sürücüsü Zakəddin bizi sakitləşdirdi və evə getməyimizi bildirdi. Bu səbəbdən də oradan uzaqlaşaraq evə getdim”.

Ramin Əhmədov qeyd edib ki, həmin mübahisə təxminən 15-20 dəqiqə davam edib: “Hadisə vaxtı və həmçinin hadisədən sonra Ramazanı bıçaqla vurmamışam, ümumiyyətlə həmin vaxt üzərimdə bıçaq olmayıb. Mübahisə etdikdən sonra hər üçümüz ayrılaraq evimizə getmişik. Ramazan oradan təxminən 600-800 metr aralandıqdan sonra bıçaqlanıb. Ramazanı bıçaqlayanın kim olmasını isə bilmirəm”.

Təqsirləndirilən şəxs bildirib ki, dekabrın 28-də Qusar rayon Mərkəzi Xəstəxanasında onu tanıtmaq üçün Ramazana təqdim ediblər: “Həmin vaxt proses video lentə alınıb və orada Ramazan onu bıçaqlayanın mən olmadığımı bildirib. Buna görə də, tanınma prosesindən sonra məni azad etdilər. Daha sonra isə təxminən 16 gün keçdikdən sonra məni təkrarən tanınmaya təqdim etdilər. Orada Ramazan məni tanıdığını və onu bıçaqlayan şəxsin məhz mən olduğumu bildirdi”.

“Heç bir təqsirim yoxdur”

O, qeyd edib ki, ibtidai istintaq zamanı müstəntiqin onu azad edəcəyi barədə verdiyi vədə inanaraq bıçaqlanma hadisəsini törətdiyini etiraf edib: “Bu səbəbdən bıçaqlanma hadisəsi ilə bağlı bütün sənədləri imzalamışam. Lakin, mənim Ramazanın bıçaqlanması hadisəsinə görə heç bir təqsirim yoxdur. Yalnız xüliqanlıq hadisəsinə görə təqsirim var. Bu hadisəyə görə səmimi peşmançılıq hissi keçirirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Ramazan Mahmudov bildirib ki, Ramin Əhmədovu əvvəllər tanınmayıb və aralarında heç bir ədavət, düşmənçilik olmayıb: “Dekabrın 27-də, saat 22 radələrində Qusar rayon İcra Hakimiyyətinin inzibati binasının yanındakı küçə ilə H.Əliyev prospektinə tərəf gedərkən qarşıda iki nəfər şəxsin mübahisə etdiyini gördüm. Yaxınlaşdıqda həmin şəxslərdən birinin əvvəllər tanıdığım taksi sürücüsü Zakəddin, digərinin isə adını sonradan bidiyim Ramin Əhmədov olduğunu gördüm. Həmin vaxt Raminin taksiyə vermək üçün pulu olmadığını və bununla bağlı mübahisə etdiklərini zənn etdim, həmin şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşdumş. Zakəddin mənə qarışmamağı bildirdi”.

Zərərçəkmişin sözlərinə görə, daha sonra həmin şəxslərin mübahisə etməkdə davam etdiklərini, mübahisə zamanı Raminin sərxoş olduğunu və əlləri ilə Zakəddini itələdiyini görüb: “Bu səbəbdən yenidən onlara yaxınlaşaraq sakitləşmələrini xahiş etdim. Həmçinin, Raminin cavan olmasını nəzərə alaraq Zakəddini döyəcəyini düşünüdüm. Həmin vaxt Zakəddin bildirdi ki, Ramin Əhmədov “Kapital Bank”ın yanında onun avtomaşınına əyləşdikdən sonra dayanacaqda dayanan tanımadıqları qadına söz ataraq onu da maşına əyləşməyə dəvət edib, buna görə də aralarında mübahisə yaranıb. Ramin Əhmədovu sakitləşdirməyə çalışsam da, heç bir nəticə vermədi. Bu zaman hər hansı bir əsaslı səbəb olmadan Ramin məni söyərək ağızıma yumruq zərbəsi vurdu. Bundan sonra cavab olaraq yumruqla Raminin başına vurdum. Bu zaman Zakəddin öz maşınına oturaraq getmişdi”.

“Halım pis olduğu üçün Ramini xatırlaya bilmədim”

Ramazan Mahmudov qeyd edib ki, hadisədən sonra yaşadığı evə gedib: “Həmin vaxt arxadan kimsə mənə yaxınlaşaraq “sən məndən qorxmursan?” deyə soruşdu və məni bıçaqla vurdu. Özümü müdafiə etmək üçün həmin şəxslə əlbəyaxa oldum. Mübahisə zamanı ayağımdan iki dəfə bıçaqlandım. Hava qaranlıq olduğu üçün məni vuran şəxsin üzünü tam aydın görməsəm də, həmin şəxsin bir qədər əvvəl mübahisə etdiyim Ramin Əhmədov olduğunu anladım. Ramin hadisə yerindən qaçdı. Mən də Raminin arxasınca küçə boyunca 20-30 metr qaçdım. Lakin, ayağım bərk ağrıdığına görə dayandım. Oradan əvvəlcə anamın evinə, daha sonra isə Qusar rayon Mərkəzi Xəstəxanasına getdim. Xəstəxanada əməliyyat olunduqdan sonra palataya yerləşdirildim. Xəstəxanada olarkən, yəni dekabrın 28-də Ramini rəsmi olaraq tanınmaq üçün mənə təqdim etdilər. Lakin əməliyyatdan sonra halım pis olduğu üçün Ramin Əhmədovu xatırlaya bilmədim və məni vuran şəxsin Ramin olmadığını bildirdim”.

“Şikayətim yoxdur”

Ramazan Mahmudov əlavə edib ki, 13 yanvar 2016-cı il tarixdə Ramin Əhmədov rəsmi olaraq tanınmaq üçün ona təqdim edilib: “Həmin vaxt Ramini tanıdım. Bu səbəbdən də məni məhz Raminin bıçaqladığını bildirdim. Həmin gün mənim mübahisəm yalnız Raminlə olub, mübahisədən bir az sonra bıçaqlanmışam. Həmin gün və ya hadisədən əvvəl başqa heç bir şəxslə mübahisəm olmayıb. Hər hansı şəxslə ədavətim də yoxdur. Ramin Əhmədov məsuliyyətdən yayınmaq üçün məni başqa şəxsin bıçaqladığını bildirir. Bununla belə, Ramin Əhmədovu bağışlayıram və ona qarşı heç bir şikayətim yoxdur”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Qusar rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Ramin Əhmədova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər