Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb. Bu səbəbdən onun məhkəmədə qanuni nümayəndəsi anası olacaq. Məhkəmə təqsirləndirilən şəxsin anası Xatirə Qasımovanı qanuni nümayəndə kimi tanıyıb.
Hakim Xatirə Qasımovanın qayınatası və qayınanası ilə münasibətləri ilə maraqlanıb. O bildirib ki, yasdan çıxandı və onları həmin vaxtdan görməyib.
Hımçinin məhkəmə Xəzər rayon İcra Hakimiyyətindən də nümayəndə dəvət edib. Prosesdə icra hakimiyyətinin nümayəndəsi Rövşən Əhmədovun da anket məlumatları dəqiqləşdirilib.
Kənan Qasımovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib. Məhkəmə baxışı martın 14-də davam edəcək.
İttihama görə, qətl ötən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib.
Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. O, hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, Kənan bir neçə gün əvvəl təhsil aldığı liseydə təhsilini dayandırıb. Valideynləri Kənan Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Qulu Qasımov oğlunu evləndirməkdə israr edib.
Bundan əsəbləşən oğul mətbəxdən bıçaq götürüb. Atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla atasının ürək nahiyəsini tapıb və bıçağı onun ürəyinə sancıb.
Kənan Qasımıv Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov