Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Həmidov ifadə verib.
O, bildirib ki, “İntertekstil” şirkətində mexanik vəzifəsində işləyib: “Adıma şirkət üçün 200 min manat kredit götürüldü. Bunu müdiriyyət dedi, mən də banka gedərək imza etdim. Amma pulu mən almadım”.
Digər şahid Akif Əliyev bildirib ki, hazırda Beynəlxalq Bankın İdarə Heyətinin üzvüdür: “Cahangir Hacıyevin rəhbər olduğu dövrdə isə Kredit Komitəsinin sədri olmuşam.
Kredit Komitəsinin sədri olarkən bir dəfəyə 2 milyon 400 min manata qədər kredit vermək səlahiyyətim olub. Dünyamin Xəlilovun işi üzrə ayrılan kreditlərə rəhbərlik razılıq verib. Cahangir müəllim demişdi ki, Dünyamin müəllim bankın layihələrini həyata keçirir. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi”.
Daha sonra hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Emin Mustafayev ifadə verib. O, əvvəllər Cahangir Hacıyevin müavini, bir müddət isə bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışıb. Emin Mustafayev ifadəsində bildirib ki, Dünyamin Xəlilovu və “İntertekstil” şirkətinin müdiri olmuş Şakir Musayevi tanıyır: “Mən Kredit Komitəsinin sədri olarkən Cahangir Hacıyevin göstərişini almışam. Kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi”.
Şahid bildirib ki, ayrılan kreditlər fiziki şəxslərin özlərinə verilməyib: “Bu da qanun pozuntusu idi. İşlərin belə görülməsi Cahangir Hacıyevin göstərişi idi. Cahangir Hacıyevin göstərişi əsasında şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi”.
Proses aprelin 6-da davam edəcək.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Hacı Zeynalov