5 Aprel 2017 17:32
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Namiq Quliyevin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi “MTN işi”ndə də zərəçəkmişdir.

Məlum olub ki, Akif Çovdarov və adamları onu müflis edərkən, Namiq Quliyev onu bu vəziyyətdən qurtarmağa söz verib. Buna görə Arif Həsənovdan 87 min dollar alıb.

Məlumat üçün bildirək ki, Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.

Prosesdə ifadə verən zərərçəkmiş Arif Həsənov bildirib ki, Namiq Quliyevi MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə tanıyıb. Onun ifadəsinə görə, Namiq bütün tanınmış şəxslərin adından istifadə edib və guya həmin şəxslərin vasitəsi ilə onların şirkətinə iş tapacaqmış: “Həmin vəzifəli şəxslərdən biri bizim ofisə gəldi. Namiq bizdən pulu həmin adama vermək adı ilə almışdı. Vəzifəli şəxs ofisimizə gələndə Namiq onu tanımadl. Məlum oldu ki, o, yalandan başqaların adından vəd verirmiş”.

Zərərçəkmiş bildirib ki, MTN əməkdaşları onlardan “haqq” tələb edib və bu səbəbdən böyük məbləğdə borca girməyə məcbur olub: “Şərikimin əməllərindən MTN-ə şikayət etdim. Gözləmədiyim halda özüm MTN-nin toruna düşdüm. Rəhbəri olduğum “Texmarin Limited” MMC-nin əməkdaşı, sonradan şəriki olmuş Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrə pul göndərməklə külli miqdarda vergidən yayınması ilə bağlı MTN-ə müraciət etdim. Amma MTN şikayətim araşdırmadı. Əksinə özümü MTN-də soydular”.

Namiq Quliyev özünü təqsirli bilib. O, bildirib ki, pulu iş qurmaq adı ilə alıb. MTN-dəki məsələni həll etmək üçün zərərçəkmişlə sövdələşmə aparmayıb.

Daha sonra ifadə verən Arif Həsənovun oğlu Həsən Həsənov bildirib ki, təqsirləndirilən şəxs atasından 87 min dollar alıb. Namiq Quliyev onların MTN-də olan işlərini həll etməyə vəd verib: “Namiq dedi ki, qardaşı prokurordur və bu işi həll edəcək”.

Həsən Həsənov qeyd edib ki, hədə-qorxu yolu ilə 8 gün MTN-də saxlanılıb.

Proses aprelin 10-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər