Teleqraf.com-un əldə etdiyi məlumata görə, bunlar Rafiq Səfərov və Heydər İslamovdur.
Rafiq Səfərov Milli Təhlükəsizlik Nazirliyində 2004-cü ildən 2007-ci ilədək antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək isə MTN-nin Xəzər rayon idarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsində işləyib.
Heydər İslamov isə Milli Təhlükəsizlik Nazirliyinin struktur qurumlarında müxtəlif vəzifələrdə, o cümlədən 2004-cü ildən 2015-ci ilin mart ayınadək MTN-nin Xəzər rayon idarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili və bölmə rəisi vəzifələrdə işləyib.
2015-ci ilin oktyabrında MTN-də baş verən olaylardan sonra hər iki şəxs vəzifələrindən kənarlaşdırılıb.
Heydər İslamov və Rafiq Səfərova Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Digər təqsirləndirilən şəxslərdə eyni maddələrlə ittiham verildiyi bildirilir.
Hər iki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sahib Qurbanovu qanunsuz olaraq saxlamaqda, ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham ediliblər.
Bu iş üzrə daha iki nəfər qadının da zərərçəkmiş şəxs qismində tanındığı deyilir.
Sahib Qurbanov mətbuata açıqlamasında bildirmişdi ki, Rafiq Səfərov və Heydər İslamov tərəfindən ondan hədə-qorxu yolu ilə pul alınıb. O, hər iki şəxs tərəfindən ona qarşı təhlükə gözlədiyini deyib.
Onu da əlavə edək ki, Rafiq Səfərov və Heydər İslamov Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində tanınıblar.
Elçin Quliyev və Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə araşdırılır.
Qeyd edək ki, MTN-nin daha 16 vəzifəli şəxsinin cinayət işi Bakı Hərbi Məhkəməsində ayrı-ayrı icraatlarda araşdırılır.
Hacı Zeynalov