Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.
İttihama görə, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə əlbir olublar.
Onlar qrup halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri Lotu Qulinin qardaşı Lotu Namiqin adamları kimi təqdim ediblər.
Dəstə üzvləri hər yerdə cinayətkar aləmlə sıx əlaqədə olduqlarını deyib, gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddətdə "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər, həmçinin müğənnilərə vaxt veriblər.
Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün Lotu Namiqdən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.
Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı il noyabr ayının 30-da saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham edilirlər. İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.
Prokurorun çıxışından sonra söz təqsirləndirilən şəxslərə verilib. Emin Bağırov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, tanımadığı nömrədən ona zəng gəlib: “Zəng edən şəxs Ramin Qasımov idi. O, məndən Tahiri soruşdu. Bildirdi ki, ona zəng edir, telefonlarına zəng çatmır. Sonra da Tahirlə danışmaq istədiyini bildirdi. Tahir yanımda idi, buna görə telefonu ona verdim. Həmin vaxt və ya əvvəl Ramin Qasımovdan pul tələb etməmişəm. Ondan kiminsə pul tələb etməsinin şahidi olmamışam. Özümü qismən ona görə təqsirli bilirəm ki, telefonda Tahirlə Raminin danışmasına şərait yaratmışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci il yanvarın 6-da 7-ci mikrorayonda çay evində Raminlə görüşüblər: “Görüşdə məqsədimiz Tahirlə Ramini barışdırmaq olub. Amma polislər ora gəldi, bizi tutaraq bölməyə apardılar”.
Suallara cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, bu, Ramin Qasımovla ikinci görüşü olub: “Bundan əvvəl Ramin və İntizarı Tahirin toy məclisində görmüşdüm. Həmin vaxt Tahir özünə nikah etmişdi, buna görə evində kiçik məclis düzəltmişdi. İntizar və Ramin də ordaydı. Sonradan bildim ki, Ramin və İntizarın Tahirlə mübahisə olub”.
Emin Bağırov qeyd edib ki, Ramin və İntizara hədə-qorxu gəlməyib, onlardan pul tələb etməyib.
Vazeh Bağırov da ittiham üzrə özünü qismən təqsirli bilib, istintaqa verdiyi ifadəsini təsdiqləməyib. O, bildirib ki, həmin ifadələrdə bəzi yanlışlıqlar var: “Heç bir cinayətdə iştirak etməmişəm. Toya getdiyimə görə özümü təqsirli bilirəm. Heç kimlə mübahisə eləməmişəm, hər hansı məsələnin aydınlaşdırılmasında iştirakım olmayıb”.
Vazeh Bağırov “Lotu Namiq” və “Talış İlqar” ləqəbi ilə tanınan şəxsi tanımadığını söyləyib: “Mənim onlarla hər hansi münasibətim, nə də əlaqəm olub”.
Təqsirləndirilən İlqar Həsənov da ifadəsində özünü qismən təqsirli sayıb: “Heç kimlə əlaqəm olmayıb. Ramin və İntizarı isə tanımamışam”.
Digər təqsirləndirilən Ariz Məmmədov isə özünü təqsirli bilməyib, deyib ki, bu işlərdə onun heç bir günahı yoxdur.
Zərərçəkmiş Ramin Qasımov ifadəsində bildirib ki, 2013-cü ildə Rəşad Əhmədovun yaratdığı “Şadan” qrupunun üzvü olub: “Qrupda İntizar da bizimlə idi. Qrupun inkişafı üçün pula ehtiyac yarandı. Buna görə də Rəşad razılıq əsasında atasına məxsus səsyazma studiyasını satdı, pulunu qrupunu reklam və digər xərclərinə qoydu”.
Ramin Qasımov bildirib ki, toylarda qazandığı pullardan 15 min manatı Rəşad Əhmədova ödəyib: “Sonradan aramızdakı anlaşılmazlıq üzündən qrupdan ayrılmağa qərar verdim. Bu zaman Rəşad pul söhbəti elədi. Bildirdim ki, ortaya qoyulan puldan öz öhdəmə düşən miqdarda pulu vermişəm: “Ümumilikdə pullar qrupun reklamına xərclənib. Bu səbəbdən 15 min manatdan əlavə pul ödəməkdən imtina etdim”.
Zərərçəkmişin sözlərinə görə, 2016-cı ilin oktyabr ayında Tahir adlı şəxs ona zəng edib və harada olduğunu soruşub: “Ona dedim ki, Qazaxdayam. Bildirdi ki, təcili Bakıya gəl, görüşmək lazımdır. Bakıya qayıdandan sonra Tahirlə əlaqə saxladım. Dedi ki, pul söhbəti var, görüşmək lazımdır. İntizarla əlaqə saxlayanda o da eyni məsələ ilə bağlı zəng aldığını bildirdi. Dedim ki, əyri işimiz yoxdur, görüşək, görək nə deyirlər. Ertəsi gün onlarla görüşdük. Orada ən çox danışan Tahir idi. Yanındakılar onu “rəis” çağırırdılar”.
Ramin Qasımovun ifadəsinə görə, Tahir və yanındakılar onlardan 4 min manat tələb ediblər: “Mənim pul verməyə imkanım olmadığını dedim. İntizar isə dedi ki, maşınım var, onu qiymətləndirib, götürə bilərsiz”.
Zərərçəkmişin sözlərinə görə, sonra onu evə çağırıblar: “Çağırılan ünvana getdim. Tahir özündən çıxdı, bildirdi ki, vədə əməl etməmişik. Məndən 500 dollar aldı. Sonra bildirdi ki, 2 min dollar təcili gətir, həmin pul Lotu Namiqə çatacaq. Tahirin sözlərindən məlum oldu ki, həmin pulu alan Lotu Namiq Rəşada olan borcun uzadılmasına nail olacaq.
Tahir mənə hədə-qorxu gəlirdi, üstündə silah vardı. Tahir pulu çatdırmadığım halda başımın ağrayacağını, ailəmin də bundan əziyyət çəkəcəyini bildirdi”.
Məhkəmə prosesi mayın 18-də davam edəcək.
Hacı Zeynalov