Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəməyə məktub göndərib.
Həm Rahim Hacıyev, həm də qəzetin əməkdaşı Xəyal Babayev məhkəməyə məktublarında istintaqdakı ifadələrindən imtina etdiklərini bildiriblər.
Vəkil bildirib ki, adları çəkilən hər iki şəxs məhkəmənin elektron ünvanına məktub göndərməklə yanaşı, əlyazmaları da var. Vəkil Fəxrəddin Mehdiyev həmin ifadələr sübutlar siyahısından çıxarılsı barədə vəsatət verib.
Fəxrəddin Mehdiyevin sözlərinə görə, "Azadlıq"ın baş redaktoru Qənimət Zahid də məktub göndərib. Yazıb ki, Faiq Əmirlinin təşkilati və maliyyə məsələləri ilə bağlı qərar vermək səlahiyyəti olmayıb.
Hakim Aytən Əliyeva bildirib ki, məktubların məhkəməyə daxil olub-olmaması məsələsi araşdırılandan sonra bu vəsatətə baxıla bilər. Daha sonra şahid qismində Sultan İsmayılov ifadə verib. O bildirib ki, təxminən 10 il əvvəl "Azadlıq" qəzetində torpaq ərazisinin satışı haqda elan verib. Elan bir neçə ay gedib, hər ay üçün də 2-3 manat pul ödənilib.
Amma onun istintaqdakı ifadəsində yazılıb ki, elan 2010-2015-ci illərdə verilib. O, elan üçün ödənişi də aparıb "Azadlıq" qəzetinin "Sahil" metrostansiyası yaxınlığında yerləşən redaksiyasında verib.
Növbət proses iyulun 12-də davam edəcək.
Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.