Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarov ifadə verib.
O, Bakı Metropolitenini sabiq rəisi Tağı Əhmədov barədə danışıb: “Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Həsənov mənə zəng elədi. Bildirdi ki, stansiyaların çıxışındakı obyektlərin icarədarları metroya girişi bağlayıblar, aksiya keçirirlər. Mən də bu barədə polisə məlumat vermək lazım olduğunu söylədim. Zaur Həsənov dedi ki, polisə demişik, onlar bacarmır”.
Akif Çovdarov qeyd edib ki, bununla bağlı nazir Eldar Mahmudova müraciət edib: “Göstəriş verildi ki, araşdırma aparılsın. Araşdırdıq, məlum oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropoliteninin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi hesablanıb. 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb ediridlər”.
Akif Çovdarovun sözlərinə görə, metrostansiyalarda olan ticarət obyektləri Tağı Əhmədovun oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülüb:
“Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməli idi ki, 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi”.
Akif Çovdarovun bildirdiyinə görə, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və ciblərə gedib: “Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi.
Buna görə də Tağı ondan imtina edib”.
Həbsdə olan general iddia edib ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alınıb, sonra həmin vaqonları rəngləyib, təzə vaqon kimi göstəriblər.
Akif Çovdarov deyib ki, Tağı Əhmədovun “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda “Elit” yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi var.
Akif Çovdarovun sözlərinə görə, Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında aşkarlanıb.
Daha sonra Akif Çovdarov bildirib ki, Tağı Əhmədovun ona pul verməsi yalandır:
“Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi. Rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək və onlar da hədiyyə etsinlər. Rəsula dedim ki, get, Tağı Əhmədova de, lazımdısa, nazir müavinin adından rəsmi məktub da yazaq. Tağı dedi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiz. Daha bu məsələnin üstünə getmədik”.
Akif Çovdarov qeyd edib ki, Tağı Əhmədov metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirib. Onun sözlərinə görə, həmin avtobus nəzarətə götürülüb:
“Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, həmin işçimiz xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın.
Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb. Sonradan şikayət etdiyi üçün peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda şikayət mənə lazım deyil”.
Növbəti proses iyulun 17-nə təyin edilib.