Kürdəmir rayonunda 5 ay əvvəl baş vermiş qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, bu il martın 23-də rayonun Yenikənd kəndində Namiq Ədilov öldürülüb.
Onu 1964-cü il təvəllüdlü həmkəndlisi Rəhim Mirzəyevin küt alətlə öldürdüyü müəyyən edilib. Polis və prokurorluq əməkdaşları qatili həbs edib.
Bildirilir ki, Rəhim Mirzəyev əvvəllər də bir neçə cinayət əməli törətdiyi üçün məhkumluq həyatı yaşayıb. O, Arıq ləqəbi ilə tanınınıb.
İstintaq araşdırması ilə məlum olub ki, qətl söyüş üstündə baş verib. Rəhim Mirzəyev atasının qəbir daşına qəbiristanlıqda naməlum şəxsin ziyan vurmasını öyrənib və sonra Namiq Ədilovun yanında həmin əməli törədən şəxsin ünvanına təhqiramiz ifadələr işlədib.
Bundan hiddətlənən Namiq Ədilov qəbir daşının onun tərəfindən sındırıldığını deyib və Rəhim Mirzəyevi təhqir edib.
Fiziki cəhətdən Namiq Ədilova gücü çatmayacağını görən Rahim Mirzəyev gecə saatlarında onun yaşadığı evin qapısını döyüb, qapı açılan kimi küt alətlə Namiq Ədilovun başına zərbə endirərək onu öldürüb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.